Azad jurnalistika Azərbaycan mətbuatına azadlıq tələb edir

Azərbaycanın azad jurnalistikasının nümayəndələri 3 may Ümümdünya Mətbuat Azadlığı Gününü “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə qeyd ediblər. Jurnalistlərin bu yeri seçməsi təsadüfü deyil. Çünki Ümumdünya Mətbuat Azadlığı Günündə bütün dünyada öz peşə öhdəliklərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsi yad olunur. Jurnalistlərin mitinqi mollanın duası ilə başlayıb. Sonra toplaşanlar “3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan ictimaiyyətinin müraciəti” – ni oxuyublar.Aksiya iştirakçıları üç bənddən ibarət müraciət imzalayıblar:Müraciətdə hakimiyyət
1. Söz azadlığı və insan hüquqları sahəsində xalq və beynəlxalq birlik qarşısında götürdüyü konstitusion və beynəlxalq öhdəliklərə əməl etməyə;
2. Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı üçün bütün şəraiti yaratmağa;
3. Həbsdə olan jurnalistləri azad etməyə çağırılır.
Jurnalistlər həmçinin bildiriblər ki, Azərbaycan mətbuatının azadlığı uğrunda mübarizəni davam etdirəcəklər.
Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər. Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.