Region gəncləri təlimlərə cəlb ediləcək

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. «Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi» layihəsi dörd ay müddətində icra ediləcək. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində 40 nəfər gəncə sosial media sahəsində biliklər veriləcək. RİHMM-nin sədri Xalid Kazımovun sözlərinə görə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində son dərəcə vacib amillərdən biri də söz və mətbuat azadlığının təmin edilməsidir: «Bütün normal ölkələrdə media cəmiyyətinin aynası hesab olunur. Baş verən hadisələr, insanların düşüncəsi, yaşam tərzi mediada öz əksini tapır. Regionlarda media sahəsində işləməyə marağı olan xeyli gənc olsa da, onların fəaliyyəti üçün normal imkan yoxdur. Amma son illər informasiya texnologiyaları inkişaf etdiyi üçün artıq insanlar məlumatı internetdən almağa üstünlük verirlər. Artıq çap mətbuatına maraq aşağı düşdüyündən cəmiyyətin güzgüsü elektron media, bloqlardır. Azərbaycanda mətbuat orqanları mənsub olduqları qrupların marağını nəzərə alaraq yazılar dərc etdiyindən ictimai maraq kəsb edən, insan hüquq və azadlıqlarının pozulması faktlarına yer ayırmır. Amma həmin məlumatların şəxsi bloqlarda yeləşdirilərək müxtəlif sosial şəbəkələr vasitəsilə yayılması əhalinin informasiya ilə təmin edilməsində mühüm vasitə olardı. Bu həm də ictimai-siyasi proeslərdən kənarda qalan region gənclərinin fəallığının artırılmasına yardım edəcək».
RİHMM-nin sədri Xalid Kazımovun sözlərinə görə, Ağdam və Goranboy rayonlarının hər birində  gənclər üçün iki günlük təlim keçiriləcək: «Media sahəsin tanınmış ekspertlərin aparacağı təlim zamanı gənclərin media sahəsində bacarıqları inkişaf etdiriləcək. Bununla gənclər sərbəst fikir bildirmək, sosial, iqtisadi və hüquqi problemlərini işıqlandırmaq imkanı əldə edəcək. Gənclərin sosial şəbəkələrdə iş bacarıqları artırılacaq. Gənclərə bloqqerlik fəaliyyəti ilə bağlı məlumat veriləcək, onlara  öz bloqlarnı necə yaratmaq, yaradılmış bloqları idarə etmək yolları öyrədiləcək. Həmin gənclərin bacarıqlarından istifadə edilərək regiona aid informasiyaların yayılması mümkün olacaq. Regionlarda müşahidə olunan insan hüquqları ilə bağlı pozuntuların mətbuatda işıqlandırılması ilə bu problemlərə hakimiyyət orqanlarının diqqəti cəlb ediləcək. Region mətbuatında işləyən gənc jurnalistlərin informasiya və məlumat əldə etmək bacarığının gücləndiriləcək, onların  hüquqi bilikləri artırılacaq. Gənclərə sərbəst fikir bildirmək, sosial, iqtisadi və hüquqi problemləri işıqlandırmaq bacarıqları aşılanacaq. Həmçinin, icra orqanlarının işinə ictimai nəzarətin həyata keçirilməsi işi genişləndiriləcək. Bu isə son nəticədə ölkədə demokratiyanın inkişafına, mətbuat azadlığının təmin olmasına töhfə olacaq. Gənclərin fəallığı artırılmaqla onlar cəmiyyətin əsas yönəldici qüvvəsinə çevriləcək».