Səyyar görüş zamanı 14 nəfərə hüquqi konsultasiya xidməti göstərilib

Tərtər rayonunda hüquqi konsultasiya xidmətinə ehtiyacı olan şəxslərlə görüş keçirilib. “Məcburi köçkün və müharibədən zərər çəkən aztəminatlı  şəxslərə hüquqi dəstək”  xidməti çərçivəsində keçirilən səyyar görüşdə I və II Qarabağ müharibəsi iştirakçısı olan və müharibədən zərər çəkən digər ailələrdən olan 14 nəfərə hüquqi konsultasiya xidməti göstərilib.

Xidmət rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib: “2022-ci ilin oktyabrından başlayan ödənişsiz hüquqi yardım xidməti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində dəstəklənib. Tərtər rayonundan bizə edilən müraciətlərin çoxluğu səbəbindən bu gün burdayıq. Kompüter, printer kimi lazımı texniki avadanlıqları da özümüzlə buraya gətirmişik. Vəkillər Kollegiyasının üzvü Araz müəllim burada sizin suallarınızı dinləyəcək. Mümkün sənədlər burada hazırlanıb Sizə təqdim olunacaq. Amma əlavə vaxt tələb edən sənədləri biz ofisə döndükdən sonra yaxın 10 gün ərzində hazırlayıb Sizə təqdim edəcəyik”.

Daha sonra müharibədən zərər çəkən şəxslərin problemləri dinlənilib. Əsas problemlər I Qarabağ müharibəsi iştirakçılarına Müharibə veteranı adı verilməməsi, qanunvericiliyin imkan verdiyi Müharibə veteranı adı aldıqdan əvvəlki üç ilə görə alınmalı olan vəsaitin ödənilməməsi, əlillikdən imtina verilməsi, pensiyanın dayandırılması, işsizlik, müharibə veteranı və müharibə əlillərinə mənzil, torpaq sahəsi və avtomobil verilməməsi ilə bağlı olub.

II Qarabağ müharibəsi iştirakçıları isə əlillik təyin edilməsindən imtina, işlə təminat və torpaq sahəsinin ayrılmamasından narazılıq edib.

Vəkillər Kollegiyasının üzvü, layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən hər bir vətəndaş dinlənilərək onlara hüquqları və qarşılaşdıqları problemin həll yolları izah edilib.

Qeyd edək ki, məcburi köçkün və digər aztəminatlı şəxslər göstərilən hüquqi xidmətlərdən yararlanmaq üçün “qaynar xətt” (0702902299) xidməti,  e-mail  (huqugiyardim@gmail.com), “Facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz), “WhatsApp” hesabı vasitəsi ilə müraciət edə bilərlər. Eyni zamanda daha çox rast gəlinən hüquqi problemlərin həll yolları ilə bağlı “youtube” səhifəmizə müraciət edərək daha çox insan üçün əlçatanlığın təmin edilməsi məqsədi ilə çəkilən hüquqşünasın izahı olan videolara baxa bilərlər.