Həssas qruplardan olan region sakinləri üçün təlim keçirilir

Bu gün Bərdə  rayonunda həssas qruplardan olan region sakinləri üçün özünüməşğulluq və sahibkarlıqla bağlı təlim başlayıb. Üç gün davam edən təlimin iştirakçıları Ağdam, Bərdə və Tərtər rayonlarından olan işsiz, işaxtaran və sahibkarlığa yeni başlayan şəxslər olacaq.  “Viator” Təlim Mərkəzinin rəhbəri Azad Rəhimov və “YELO BANK” ASC-nin, Mikrobiznes müştərilər üzrə baş mütəxəssisi Babək Lazımzadənin aparacağı təlim zamanı iştirakçılara sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin qurulması, idarə olunması ilə bağlı məlumat veriləcək. İştirakçılar, həmçinin sahibkarlıq subyekti (mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün tələblər), uğurlu sahibkara xas davranış xüsusiyyətləri, sahibkarlıq qabiliyyətlərinin qiymətləndirilməsi, biznesin təşkilati-hüquqi formaları və qeydiyyat, biznesə necə başlamalı, biznes-plan nədir,  biznes-planın məzmunu, marketinq planı, maliyyə planı, bazar araşdırmasının biznes-plan hazırlanması üçün əhəmiyyəti, biznеs-plаnlаrın tərtibi qaydaları barədə məlumatlandırılacaqlar.

 Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus  “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir.