Qobustanda 16 nəfərə hüquq xidməti göstərildi

Qobustan rayonunda şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərilib. Görüş “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Müharibədən zərərçəkən və həssas qruplardan olan şəxslər üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində təşkil olunub. Görüşdə 16 nəfər Qobustan rayon sakini iştirak edib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağsu, Qobustan, Siyəzən və Şabran rayonlarının ərazisini əhatə edir. Amma layihə çərçivəsində Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında da müharibə iştirakçılarına onlayn hüquqi konsultasiya xidməti göstərilir. Onlayn müraciətlər e-mail (huqugiyardim@gmail.com) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunur”.


Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib.


Müraciətlər əsasən şəhid ailəsi üzvləri və müharibə əlillərinin mənzillə təminatı, müharibə veteranlarının işlə, torpaq sahəsi ilə təminatı, daşınmaz əmlakın sənədləşdirilməsi, əlillikdən imtina, müharibə veteranlarının təhsil formasının dəyişdirilməsi, əlillik təyinatı üçün müraciət, dövlət qurumunun əlillikdən imtina qərarının məhkəmədə mübahisələndirilməsi ilə bağlı olub.
Görüş zamanı 7 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.


Qeyd edək ki, layihənin əsas məqsədi Bərdə, Ağsu, Qobustan, Siyəzən və Şabran rayonunda yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək, məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir.