Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

RIHMMRegional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi» layihəsi 3 ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə Bərdə, Ağdam, Goranboy, Naftalan, Yevlax və Tərtər rayonlarını əhatə edəcək: «Layihənin məqsədi ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılması və ehtiyacı olan insanlara ximətdən istifadə imkanlarının yaradılmasıdır. Belə ki, yaşadığımız dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. İnformasiya mübadiləsi internet vasitəsi ilə elektron şəkildə aparıldığından, elektron hökumətdə fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı, xərclər də azalır. Elektron hökumətin vətəndaş üçün bir üstünlüyü də odur ki, vətəndaş internet vasitəsi ilə xidmətlərdən istifadə edir, bürokratik əngəllər aradan qalxır və artıq saatlarla dövlət qurumunda növbə gözləmir. Yaradılan xidmətlər həm də vətəndaşlara  problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. Amma ölkədə rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunmasına yardım edən bu xidmətdən paytaxta nisbətən regionda yaşayan sakinlər daha az yararlana bilir. Bunun əsas səbəblərindən biri onların elektron xidmətlərə çıxış imkanlarının olmamasıdırsa, digər səbəb onların bu xidmətlərdən istifadə ilə bağlı bilgisizlikləridir. Bu problemin həllinə yardım etmək üçün təşkilat region sakinlərinə respublikamızda ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı ətraflı məlumat verəcək».
Təşkilat rəhbərinin sözlərinə görə, layihə elektron xidmətlərə çıxış imkanı olmayan şəxslərə elektron xidmətlərdən istifadə imkanı yaradılacaq: «Regionlarda keçirilən seminarlardan əlavə ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı buklet hazırlanaraq əhaliyə paylanılacaq. Həmçinin, təşkilatın Bərdə rayonunda yerləşən ofisində elektron xidmətlərdən xidmətlərə çıxış imkanı olmayan aztəminatlı ailələrə elektron xidmətlərdən istifadə imkanı yaradılacaq. Həmçinin, elektron xidmətlərlə bağlı region əhalisini maraqlandıran problemlər öyrənilərək onların həlli ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq».