Regional İnsan Hüquqları və Media Mərkəzi Naftalan şəhərində seminar keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi çərçivəsində icra olunub. Maarifləndirmə xarakterli tədbirdə 25 nəfər rayon sakini iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyətinin hüquqşünası Şahmar Ədilov tədbir iştirakçılarını salamlayaraq “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği” layihəsinin əhəmiyyətindən danışıb.
Layihənin məqsədi barədə danışan təşkilatın sədri Xalid Kazımov vurğulayıb ki, respublikamız artıq ikinci ildir Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) üzrə yeni standarta uyğun hesabat açıqlayır: “Bu layihənin məqsədi də açıqlanan illik hesabat məlumatlarının region əhalisinə çatdırılması, MHŞT-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və MHŞT-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Layihə çərçivəsində təşkilat MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanıb. Eyni zamanda ictimaiyyətin əsas informasiyaları televeziyadan aldığını nəzərə alaraq “Kanal 13” televiziyasında (“Hüquqi işığında” verilişi) maarifləndirmə xarakterli bir veriliş (https://www.youtube.com/watch?v=noulWf6cIdQ&feature=youtu.be://) hazırlanaraq həm də Mingəçevir televiziyasında yayımlanıb. Bu seminarlar da həmin tədbirlərin davamı kimi nəzərdə tutulub. Məqsədimiz həm də region sakinləri ilə birbaşa təmas quraraq onları bu mövzuda maraqlandıran sualları cavablandırmaqdır”.
Təşkilat sədri vurğulayıb ki, təbii ehtiyatlar onlarla zəngin olan ölkələrə rifah və sabitlik gətirməklə yanası, problemlər də yaradır: “Bu da daha çox həmin resurslardan nə dərəcədə səmərəli istifadə etməkdən asılıdır. Bu sahədə ictimai nəzarət hökumətləri ölkəyə məxsus neft və faydalı qazıntı sərvətlərinə görə daha hesabatlı olmağa təşviq edir. Azərbaycan da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk olkələrdən biridir. Təşəbbüsə qoşulduqdan bir il sonra ölkəmizdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası yaradılıb. 2005-ci ildə isə ölkəmiz MHŞT sahəsində ilk hesabatını açıqlayıb. Ötən dövr ərzində isə Mədən sənayesində şəffaflığın təmini istiqamətində addımları davam etdirən Azərbaycan 2009–cu ildə “MHŞT üzrə tam hüquqlu üzv” statusu alıb. 2015-ci ildə Azərbaycanın statusu aşağı salınsa da, ölkəmiz yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlaıb. Hesabatda ilk dəfə olaraq kontekstual məlumatlar, şirkətlər və sazişlər üzrə fərdi açıqlamalar toplanıb. MHŞT üzrə 2014-cü il hesabatı da məlumatların zənginliyi baxımından diqqəti cəlb edir. Eyni zamanda bu hesabatda 2013-cü il hesabatı ilə bağlı QHT koalisiyasının hazırladığı rəydə verilən bir sıra tövsiyyələr nəzərə alınıb. Amma açıqlanan hesabatlar ümumi xarakter daşıdığından onların anlaşıqlı dildə ictimaiyyətə çatdırılması, əhalinin MHŞT ilə bağlı maarifləndirilməsi vacibdir. Bu tədbirmiz həm də respublikamız üçün önəmli bir dövrə təsadüf edir. Belə ki, Azərbaycanın statusunun bərpası üçün Beynəlxalq İdarə Heyəti tərəfindən ölkəmizə təqdim olunan islahedici tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirməli idi. Həmin tədbirlərdən biri də əhalinin MHŞT ilə bağlı məlumatlılığının artırılması və vətəndaş cəmiyyəti institutlarının regionlarda da sərbəst şəkildə tədbirlər keçirə bilmək imkanlarına malik olması idi. Artıq bu tədbirlərin bir hissəsi reallaşdırılıb və ümid edirik ki, bu ilin payızında respublikamızın statusu bərpa olunacaq”.
Daha sonra tədbirdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Şura üzvü, Çoxtərəfli qrup üzvü Azər Mehtiyev çıxış edib.
Məruzəçi seminar iştirakçılarına MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumat verib.
Azərbaycanın neft strategiyası ilə bağlı danışan ekspert ölkəmizin neftdən əldə etdiyi gəlirlər və onların xərclənməsi istiqamətləri ilə bağlı məsələlərə toxunub.
Bu sahədə şəffaflığın təmin olunmasının vacibliyinə vurğulayan Azər Mehtiyev neftlə zəngin ölkələrin bu təbii sərvətlərdən səmərəsiz istifadə etməsi nəticəsində bu gün düşdüyü ağır durumu xatırladıb.
Daha sonra ekspert Azərbaycanın açıqladığı MHŞT hesabatlarında əks olunan məlumatlar, həmin məlumatlardan sadə insanların faydalana bilmək imkanları, bu sahəyə ictimai nəzarətin təmin olunmasında region sakinlərinin rolu barədə iştirakçilara məlumat verib.
Sonda isə seminar iştirakçılarının sualları cavablandırılıb.