Yevlax sakinləri elektron xidmətlərlə bağlı bilgiləndirilib

Yevlax (7)Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbir Yevlax şəhərində keçirilib. Yevlax şəhərində keçirilən məlumatlandırma sessiyasında  olan 39 rayon sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd elektron xidmətlərlə bağlı rayon sakinlərinin məlumatlılığının artırılmasıdır: “Respublikamızda dövlət və ictimai funksiya yerinə yetirən qurumlar tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin sayı artır. Məmur vətəndaş təmasının aradan qaldırılmasına hesablanan belə xidmətlərin siyahısına hər ay yeniləri əlavə olunur. Bu gün vətəndaşlar zəruri ehtiyac hiss etdiyi 16 növ arayışı heç bir dövlət qurmuna üz tutmadan elektron qaydada əldə edə bilər. Dövlət qurumu tərəfindən kagız formatda verilən möhürlü arayışlarla eyni hüquqi qüvvəyə malik olan bu arayışların onlayn qaydada verilməsi insanları həm də kağız daşımaq əziyyətindən xilas edir. Proqram çərçivəsində biz də əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün bir sıra addımlar atdıq. Hazırlanan bukletdə “Elektron hökumət” portalı, dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumat toplanıb. Eyni zamanda bukletdə əhalinin www.e-gov.az portalının imkanlarından necə istifadə etməklə bağlı məlumat verilib. Əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün iki televiziya verilişi də hazırlanaraq yayımlanıb”.

Yevlax (1)Daha sonra tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin ekspertləri Günay Hüseynova və  Elvin Cəfərov çıxış ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Günay Hüseynova iştirakçılara  elektron xidmətlərin üstünlükləri, “Elektron hökumət” portalı ilə bağlı məlumat verib: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları  tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında  elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət”  vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. Hazırda “Elektron hökumət” portalında 438 elektron xidmət mövcuddur. Bu xidmətlərin əksəriyyəti insanların zəruri ehtiyac duyduğu xidmətlərdir”.

Yevlax (3)Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Elvin Cəfərov iştirakçılara “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi  ilə bağlı məlumat verib: “Hazırda portalda qeydiyyatdan keçmək üçün 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi  təqdim edilir. İstifadəçi ona rahat olan həmin vasitələrdən birini seçməklə portala giriş edə bilər. Bunlar  “E-imza” kartı, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod/parol və “Asan imza”dır. “Elektron hökumət” portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Hazırda ən çox istifadə edilən xidmətlər  sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərdir. Portalda, həmçinin arayışların elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.

Daha sonra tədbirin fəal iştirakçılarına «Elektron hökumət» portalından istifadə üçün istifadəçi adı və şifrə verilib.

Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu tədbir də Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir.

Yevlax (6)

Yevlax (4)