2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva faciəvi şəkildə həlak olub. Bir nəfər – 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə ağır yaralanıb. Bu da göstərir ki, terroru özünün dövlət siyasətinə çevirən Ermənistan bir çox beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həllinə ədalətsiz yanaşmasından və xarici havadarlarının dəstəyindən istifadə edərək Xocalıda, Xocavənddə, Kəlbəcərdə törətdiyi qətliamları davam etdirir. Qocaları, qadınları, uşaqları qətlə yetirməkdən çəkinməyən Ermənistan indi də təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə alır.
Bu addımlar, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidirlər. Regional İnsan Hüquqları və Media Mərkəzi bu vandalizm hadisəsini qətiyyətlə pisləyir. Ümid edirik ki, özünü dünyada demokratiyanın və sülhün qoruyucuları hesab edən təşkilatlar nəhayət ki, öz ikili yanaşmalarına son verib haqqın, ədalətin tərəfində olacaq, iki yaşlı körpənin qətlinə bigəanə qalmayacaqlar. Bütün beynəlxalq qurumları beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün real addımlar atılmasına çağırırıq.
Regional İnsan Hüquqları və Media Mərkəzi