Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Ağcabədi rayonunda keçirilib.
Tədbiri giriş sözü ilə açan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, Təşəbbüsün Azərbaycanda tətbiqinin cəmiyyət üçün əhəmiyyəti, AHT təşəbbüsünün alətlərindən olan elektron xidmətlərlə bağlı məlumat veriləcək: “Layihənin məqsədi məlumatlandırma yolu ilə Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) Təşəbbüsünün tətbiqinə dəstək verilməsi, elektron xidmətlərdən istifadə etməkdə çətinliklə üzləşən region sakinlərinə xidmətdən yararlanmaq imkanlarının yaradılmasıdır. Azərbaycan AHT təşəbbüsə qoşulan ilk ölkələrdən biridir. Hazırda 75-dən artıq ölkə təşəbbüsü dəstəkləyir. Azərbaycan 2011-ci ildən Açıq Hökumət Təşəbbüsünün dəstəklədiyini bəyan edib. 2016-cı ilin mayın 4-də Azərbaycanın statusu müvəqqəti dondurulsa da, ölkəmiz prosesi davam etdirəcəyini bəyan edib. Azərbaycanla bağlı məsələ bu il iyunun 28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Rəhbər Komitəsi tərəfindən müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın 1 il ərzində öhdəliklərə necə əməl etməsi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda müsbət dəyişikliklər istiqamətində atılmış addımlar alqışlanıb. Bununla belə problemlər tam həll edilmədiyindən Azərbaycanın statusunun “qeyri-aktiv” elan edilməsi ilə bağlı qərarın müddəti daha 1 il müddətinə artırılıb”.
X.Kazımov daha sonra iştirakçılara “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” barədə məlumat verib: “Ölkəmizdə Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tətbiqi istiqamətində ciddi addımlar atılmaqdadır. Fəaliyyət planının icrası nəticəsində şəffaflığın təmin olunması, məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına yardım edən elektron xidmətlərin sayı artırılıb. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 59 tədbiri əhatə edir. Artıq fəaliyyət planında nəzərdə tutulan tədbirlərin xeyli hissəsi icra edilib. Eyni zamanda yaxın zamanlarda fəaliyyət planının monitorinqi həyata keçiriləcək”.
“Elektron hökumət” portalı ilə bağlı iştirakçılara məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov elektron xidmətlərin üstünlüklərini vurğulayıb: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət” vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. Hazırda “Elektron hökumət” portalında 454 elektron xidmət mövcuddur. Bu xidmətlərin əksəriyyəti insanların zəruri ehtiyac duyduğu xidmətlərdir. Portal hazırda iştirakçılara “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya (tanıma, identikləşdirmə) vasitəsi təqdim edir. İstifadəçi ona rahat olan həmin vasitələrdən birini seçməklə portala giriş edə bilər. Bunlar “E-imza” kartı, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod/parol və “Asan imza”dır. “Elektron hökumət” portalı vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Hazırda ən çox istifadə edilən xidmətlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərdir. Portalda hazırda 17 növ arayışın elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür. Eyni zamanda alınan elektron arayışların həqiqiliyinin, ona müdaxilə edilməməsinin yoxlanılması imkanı da yaradılıb”.