“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi “Müharibədən zərər çəkən və digər aztəminatlı şəxslərə hüquqi dəstək”layihəsinin icrasını davam etdirir. Layihənin icra planına uyğun olaraq artıq Yardımlı rayonuna səfər təşkil olunub. Səfər çərçivəsində şəhid ailələri, qazilər və müharibədən zərər çəkən şəxslərlə görüşülüb. Görüş zamanı təşkilatın rəhbəri Xalid Kazımov layihənin məqsədləri ilə bağlı iştirakçılara məlumat verib.
Bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin məqsədi şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər və digər aztəminatlı şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsi, məhkəmədə müdafiəsinin təşkili ilə hüquqlarının qorunmasına dəstək verməkdir.
Daha sonra vurğulanıb ki, layihə çərçivəsində sosial mediada Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və müharibədən zərər çəkən digər şəxslərə qanunvericiliklə verilən hüquqlarla bağlı maarifləndirmə işi aparılır.
Daha sonra tədbirdə layihənin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov şəhid ailələri, qazilər və müharibə iştirakçılarını dinləyib. Həmin şəxslərin hüquqları və qarşılaşdıqları hüquqi problemlərin həlli yolları ilə bağlı suallarını cavablandırıb. Yardımlı rayonunda 16 nəfərə hüquqi konsultasiya xidməti göstərilib.
Əsas müraciətlər əlilliyin təyin edilməsindən imtina, I Qarabağ müharibəsi iştirakçılarına Müharibə Veteranı adı verilməməsi, 44 günlük Vətən Müharibəsi iştirakçılarının müalicəsi, işlə təminatı ilə bağlı olub.Vətəndaşların problemlərininin həlli ilə bağlı müraciətlər qarşıdakı müddətdə hüquqünas tərəfindən hazırlanaraq aidiyyatı dövlət qurumlarına göndəriləcək.
Qeyd edək ki, hüquqi konsultasiya xidməti həm onlayn, həm təşkilatın Bərdə rayonundakı ofisində, həm də Yardımlı və Biləsuvar rayonlarına səyyar səfərlər zamanı göstərilir. Hüquqi yardım həm bilavasitə, həm də “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə də hüquqi məsləhətlər veriləcək. Ehtiyac olduqda şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil ediləcək. Hazırlanan sənədlər (ərizə, şikayət, müraciətlər, məhkəmələrə iddia, apellyasiya və kasasiya şikayətləri) birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, əlilliyi olan şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılacaq.