“Başlıbel qətliamı-30 il” – Soyqırımı qurbanları anıldı

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür. Başlıbel qətliamının 30 illiyi ərəfəsində Gəncə şəhərində Kəlbəcər Rayon İcra Hakimiyyəti və “Başlıbelin İnkişafına Dəstək ” İctimai Birliyi “Başlıbel qətliamı-30 il” adlı anım tədbiri keçirib.

Tədbirdə Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri Xalid Kazımov Başlıbeldə törədilən müharibə cinayəti ilə bağlı iştirakçılara məlumat verib:

Ermənistan zaman-zaman xalqımıza qarşı soyqırımı cinayətləri törədib. Təkcə son bir əsrdə ermənilərin xalqımıza qarşı Bakıda, Qubada, Zəngəzurda, Xocalıda, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Ballıqayada törətdiyi qətliamları xatırlamaq bu hadisələrin ağırlığını təsəvvür etmək üçün yetərli olar.

Xocalıda, Qaradağlıda törətdikləri qətliamdan sonra cəzasız qalan erməni quldurları 1992-ci ilin aprelində Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum etdi. 1992-ci il aprelin 8-də erməni hərbi birləşmələri tərəfindən Ağdaban kəndinin 779 nəfər sakininə işgəncələr verildi, 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi.

28 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupu Laçın rayonundan məcburi köçkün düşüb Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşan və aralarında qadın, qoca, uşaqların olduğu 24 nəfəri amansızlıqla qətlə yetirdi.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi dəhşətli qətliamlardan biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədildi. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) dağlara sığındılar. Amma Ermənistanın başıpozuq hərbi birləşmələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 17 gün gizlində qala bildilər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarladılar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələndi. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 05 aprel 1993-cü ildən 17 aprel 1993-cü ilədək Başlıbel kəndi ərzisində 6 nəfər dinc kənd sakini qətlə yetirildi.

Başlıbelin ağsaqqallarından olan 85 yaşlı Yusifov Hüseyn Həsən oğlu 1993-cü il aprelin 10-da öz sığındıqları kahada dünyasını dəyişdi. 

Kənd sakini 53 yaşlı Ağamirov Qənaət İsmayıl oğlu 1993-cü il aprelin 5-də kənd ərazisində işgəncə ilə qətlə yetirildi. Şahidlərin bildirdiyinə görə Qənaət Ağamirovun meyidinin üz nahiyəsində yanıq izləri olub.

Kənd sakini 67 yaşlı Əliyeva Tutu Mənsim qızı, 98 yaşlı Qədimova Mayaxanım Cəlil qızı, 102 yaşlı Salahova Pəri Əbdülrəhim qızı Başlıbel kəndi ərazisində qətlə yetirildi.

Kəlbəcər rayon Taxtabaşı kənd sakini, 76 yaşlı Hüseynov Hüseyn Səlim oğlu 1993-cü il aprelin 19-da Başlıbel kəndində qətlə yetirildi. Hadisə şahidlərinin bildirdiyinə görə, erməni quldurları Hüseyn kişini Başlıbel kəndinin kolxoz idarəsinin binasında yandırıblar.

Bəzi Başlıbel kənd sakinləri Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən rayon ərazisində qətlə yetiriliblər. 103 yaşlı İsayev Əbdüləli Səlim oğlu, onun həyat yoldaşı 93 yaşlı İsayeva Qızbəs Fəttah qızı, onun qızı 54 yaşlı İsayeva Həmayıl Əbdüləli qızı Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində  qətlə yetiriliblər.

Erməni hərbi birləşmələri 58 yaşlı Fəttahova Çiçək Tağı qızı, 26 yaşlı Kazımova Naibə Alzaman qızını Nadirxanlı kəndi ərazisində qətlə yetiriblər. 

64 yaşlı Salahov Əhməd Fəttah oğlu, 65 yaşlı Babayev Abbas Hüseyn oğlu 1993-cü il aprelin 2-də Kəlbəcər rayon mərkəzində qətlə yetiriliblər. Hər iki şəxsin dəfn olunduğu yer bilinsə də, bügünədək cəsədləri tapmaq mümkün olmayıb.

Başlıbel sovetliyinə daxil olan Xallanlı kəndindən olan, ruhi xəstəlikdən əziyyət çəkən  Bayramov Teymur Məhərrəm oğlu da aprel işğalı zamanı qətlə yetirilib.

Əslən Başlıbel kəndindən olan 89 yaşlı Bağırov Həsən Əzim oğlu daKəlbəcərin işğalı zamanı dünyasını dəyişib. Belə ki, Həsən Bağırovun olduğu vertolyot ermənilər tərəfindən vurulub. Aldığı xəsarətlərdən Həsən Bağırov 1993-cü il aprelin 2-də, Kəlbəcərin işğalı günü dünyasını dəyişib.

Başlıbel sakinlərinin yaşadığı daha ağır faciə isə 1993-cü il aprelin 18-də yaşanıb. Həmin gün Başlıbel kəndinin 12 nəfər sakini Portda kahalarında qətlə yetiriliblər. 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, onun oğlu 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, qızı  16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı 18 apreldə öldürülüblər.

Həmin gün mağarada 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı da güllələnib. Kənd sakinləri 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı 1993-cü il aprelin 18-də mağaradan girov götürülən şəxslərin arasında olub. Amma naməlum şəraitdə mağaraya yaxın ərazidə qətlə yetirilib.

Başlıbel kənd sakini 54 yaşlı Əhmədova Büsat Əliş qızı və onun 12 yaşlı qızı  Əhmədova Zövqiyyə Binnət qızı 1993-cü il aprelin 18-də kahalarda  güllələnib.

Erməni quldurları Laçın rayonunda girovluqdan qaçmağı bacarıb Başlıbelə sığınan 52 yaşlı Əsgərov Əhliman Əvəz oğluunu da 1993-cü il aprelin 18-də Başlıbel kəndində qətlə yetiriblər.

Başlıbel kəndində mühasirəyə düşən mülki insanların müdafiəsini təmin etməyə çalışan əslən Zərdab rayonundan olan 22 yaşlı Abdullayev Vüqar İsa oğlu da qətlə yetirilib. Vüqar Başlıbel sakinlərini erməni quldurlarından müdafiə edərkən son nəfəsinədək döyüşüb. Patronu tükəndikdən sonra belə Vüqarın olduğu kahaya yaxınlaşa bilməyən ermənilərin atdığı qumbara onun həyatına son qoyub. 

19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. 18 aprel 1993-cü ildə isə aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri mağarada güllələniblər. Həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüblər. 

18 aprel qətliamından sonra düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Onların mühasirə həyatı iyul ayınadək davam edib. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər –  I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edərək Başlıbel kəndini də işğaldan azad etdi. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunaraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirildi və müvafiq istintaq hərəkətləri aparıldı. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyi təsdiqləndi. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırıldılar.

Qətlə yetirildiyi şahid ifadələri ilə təsdiqlənən 27 nəfər dinc Başlıbel sakinindən 14 nəfərinin meyitinin qalıqları bugünədək tapılmayıb. Həmçinin, işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub. Kəndin qəbristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib.

Mən burada Başlıbel qətliamı qurbanlarının yaşlarını təsadüfən xatırlatmadım. Bir daha qeyd etmək istərdim ki, Ermənistanın törətdiyi müharibə cinayəti qurbanlarının əksəriyyətinin yaşı 60-dan yuxarı olub. 18 aprel qətliamı qurbanları isə 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi olub ki, onlardan da 4 nəfəri ahıl yaşda olub. Ermənilərin Başlıbeldə törətdikləri müharibə cinayəti zamanı həm mülki əhaliyə, həm də mülki infrastruktur obyektlərinə hücumlar olub. Belə ki, dördüncü Cenevrə Konvensiyası – “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” sənəd bu cür hücumları qəti qadağan edir. “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir.

Onu da qeyd edim ki, Ermənistan hərbi birləşmələri tərəfindən Başlıbel sakinlərinin qətlə yetirilərək kütləvi şəkildə dəfn edilməsi faktı mövcuddur ki, bu da Üçüncü Cenevrə Konvensiyasının 120-ci, Dördüncü Cenevrə Konvensiyasının 130-cu maddələrinin tələblərinin pozuntusudur. Həmin beynəlxalq sənəd əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir. Amma Ermənistanın törətdiyi Başlıbel qətliamı bütün bu beynəlxalq hüquq normalarının tələblərinin kobud şəkildə pozulduğunu göstərir.