Regional İnsan Hüquqları və Media Mərkəzi Ağdam rayonu və Naftalan şəhərində həssas qrupdan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi çərçivəsində keçirilən qəbulda vətəndaşlar ümumilikdə və fərdi qaydada qəbul edilib.
Ağdam rayonunda keçirilən vətəndaş qəbulunda 20 nəfərin problemi dinlənilib. Layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən müraciət edənlərə hüquqi konsultasiya xidməti göstərilib. Müraciət edən 20 nəfərdən 8 nəfəri müharibə iştirakçısı, 6 nəfəri qazi, 2 nəfəri müharibə veteranı, qalan 4 nəfəri digər həssas qrupdan olan aztəminatlı şəxs olub.
Naftalan şəhərində keçirilən görüşdə isə 18 nəfər qəbul edilib. Onlardan 16 nəfəri müharibə iştirakçısı, 1 nəfəri müharibədən zərər çəkən şəxs, 1 nəfəri müharibə iştirakçısının ailə üzvü olub.
Müraciətçilərin əsas problemləri Müharibə veteranı adının verilməməsi, əlilliyin dayandırılması, əlillik təyinatından imtina, müharibədən zərər çəkən şəxslərin müalicə və müayinəsi, məşğulluğun təmin edilməsi ilə bağlı olub. Problemlərin həlli ilə bağlı 12 nəfərin dövlət qurumlarına müraciəti hazırlanaraq yerində vətəndaşa təqdim edilib. Digər şəxslərin probleminin həlli ilə bağlı müraciəti hazırlanaraq qarşıdakı günlərdə imzalanıb göndərilməsi üçün vətəndaşa göndəriləcək.
Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilir. 10 ay müddətində icra ediləcək layihənin məqsədi müharibədən zərərçəkən şəxslərə və hüquqi xidmət almaq imkanı olmayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərməkdir. Təşkilat layihə çərçivəsində müharibədən zərərçəkən şəxslər, aztəminatlı region sakinlərinin hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərəcək. Benefisiarların aidiyyəti orqanlara müraciətlərinin hazırlanması, dövlət qurumlarına ərizələrin yazılması, məhkəmədə müdafiəsi və digər hüquqi müdafiə tədbirləri ilə onların sosial hüquqlarının bərpasına kömək ediləcək. Təşkilatın Bərdə rayonundakı ofisində və həmçinin, yaxın müddətdə Ağdam, Tərtər, Goranboy və Naftalana ediləcək səfər zamanı ehtyacı olanlara pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək. Bundan əlavə, aztəminatlı şəxslər “Qaynar xətt” (+994702902299) xidməti, “facebook” (https://www.facebook.com/huquqi.yardim.37), “instagram” (https://www.instagram.com/huquqiyardim_pulsuz/) və “WhatsApp” (+994702902299) vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biləcəklər.