Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində yeni sənəd hazırlanıb. Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hazırlanan hesabat ictimaiyyətə təqdim olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətləri ilə bağlı məlumat verib.
Fərid Şəfiyev qeyd edib ki, Azərbaycana qarşı törədilən qətliam və soyqırımılarının hər biri sənədləşdirilməlidir: “Mütəmadi şəkildə bu illər ərzində Azərbaycana qarşı Zəngəzurda, İrəvanda və Qarabağ ərazisində Azərbaycana qarşı cinayətlər törədilib. Başlıbel faciəsinin şahidlərinin danışdırılmasından əlavə, akademik müstəvidə də iş aparılmalıdır. Bütün bunlar birinci növbədə, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu baxımdan, Başlıbel faciəsi haqqında bu gün təqdim olunan ingilis dilli hesabat da əhəmiyyətli mənbədir” .
Daha sonra çıxış edən “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov Başlıbel kəndinin işğalı zamanı törədilən qətliamla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərlə bağlı məlumat verib: “Bu gün təqdim olunan hesabat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsi çərçivəsində hazırlanıb. Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədildi. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən, əksəriyyəti qadın, qoca və uşaqlar olan 62 nəfər Başlıbel sakini, Laçın rayonu ərazisində ermənilərin girovluğundan qaçıb Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini, mühasirəyə düşən 9 nəfər əsgər sağ qalmaq üçün dağlara sığınıblar. Amma Başlıbel kəndini qarət edən erməni silahlı birləşmələri 1993-cü ilin aprelində mülki insanların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib.
Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 05 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib.
1993-cü ilin 18 aprel tarixində isə Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri Başlıbelin mülki sakinlərinin gizləndiyi mağaraya hücum edərək 12 nəfəri güllələyiblər. Onlardan 1 nəfər azyaşlı uşaq, 1 nəfəri yeniyetmə qız, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) olub.
İşğal zamanı 19 nəfər Başlıbel kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl Başlıbel kəndi ərzisində görov götürülüb. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb.
Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər.
Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər – I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur”.
X.Kazımov qeyd edib ki, 44 günlük Vətən Mühariribəsi nəticəsində Başlıbelin işğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb: “Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir. Amma arpel qətliamında güllələnən 13 nəfəri cəsədi bugünədək tapılmayıb”.
X.Kazımov qeyd edib ki, Başlıbelin işğaldan azad edilməsindən sonra həm də məlum oldu ki, Ermənistan təkcə mülki insanlara qarşı cinayət törətməyib: “Bütünlüklə qarət olunan Başlıbel kəndində insanların əmlakları təmamilə dağıdılıb, tarixi abidələr məhv edilib, qəbristanlıqlar qarət edilib, qəbirlər açılaraq cəsəblərin üzərlərindəki qiymətli metallar götürülüb, qəbrüstü abidələr güllələnib, qəbirlərin ətrafındakı dəmir barmaqlıqlar, torlar belə kəsilərək qarət edilib”.
Daha sonra layihənin eksperti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov hazırlanan hesabatla bağlı ətraflı məlumat verib.
V.Hüseynov qeyd edib ki, Ermənistanın Azərbaycana vurduğu ziyana görə kompensasiya ödəməsi üçün ciddi iş aparılır: “Ermənistan öz məsuliyyətini həmişə inkar edir, baş verən hadisələrdə separatçı rejimi günahkar kimi göstərirdi. Ancaq beynəlxalq hüquq açıq şəkildə göstərir ki, baş vermiş hadisələrdə birbaşa cavabdeh Ermənistan dövlətidir. Avropa İnsan Hüquqları Məhkəməsi də 8 il əvvəl Ermənistan dövlətinin bu hadisədə iştirak etdiyini təsdiqləyib. Azərbaycan torpaqları işğal edilərkən minlərlə vətəndaşımız qətliama məruz qalıb, bunlardan biri də Başlıbel qətliamıdır. Ümidvaram ki, Ermənistan dövlət olaraq işğalda məsuliyyətli tərəf kimi tanındığına görə gələcəkdə onlardan mülki obyektlərə dəymiş ziyana görə kompensasiya alınacaq. Hazırda Azərbaycan dövləti bu istiqamətdə ciddi işlər görür”.
“Ermənistan Qarabağ və ətraf yeddi rayonu Azərbaycandan qoparmağa çalışıb. Bunun nəticəsi olaraq, 1989-cu ildə müharibə başlayıb. Münaqişə təkcə Azərbaycanın Qarabağ ərazisi və ətraf rayonların işğalı ilə yekunlaşmayıb, həm də etnik təmizləmə həyata keçirilərək qərbi azərbaycanlılar öz yurdlarından didərgin salınıb. Ermənistan qərbi azərbaycanlıların öz yurdlarına geri qayıtmasına və dədə-baba torpaqlarında yaşamlarını davam etdirmələrinə şərait yaratmalıdır”,- deyə V.Hüseynov qeyd edib.
Daha sonra çıxış edən Başlıbeldə 113 gün mühasirə həyatı yaşayan İsmət Əzizov şahidi olduğu qətliamla bağlı məlumat verib.
Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin nümayəndəsi İlqar Ağasıyev hesabatın elektron variantının oxucular üçün əlçatan olmasının vacibliyini qeyd edib.
Başlıbeldən olan ziyalı, şəhid ailəsi üzvü Arif Süleymanov Başlıbel qətliamının dünyaya çatdırılması üçün görülməsi vacib olan işlərdən danışıb.
Qeyd edək ki, tədbirə Almaniyanın Azərbaycandakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ombudsman Aparatı, Kəlbəcər Rayon İcra Hakimiyyəti, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri qatılıb.