Tərtərdə həssas qrupdan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərildi

Regional İnsan Hüquqları və Media Mərkəzi Tərtər rayonunda həssas qrupdan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi çərçivəsində keçirilən qəbulda vətəndaşlar ümumilikdə və fərdi qaydada qəbul edilib.

Görüşdə çıxış edən layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyət və donor təşkilat barədə iştirakçılara məlumat verib: “Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilir.  Layihənin məqsədi müharibədən zərərçəkən şəxslərə və  hüquqi xidmət almaq imkanı olmayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərməkdir”.

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən müraciət edən edən 16 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Müraciətçilərin əsas problemləri Müharibə veteranı adının verilməməsi, əlilliyin dayandırılması, əlillik təyinatından imtina, mənzil növbəsinə götürülmə, torpaqla təminat, müharibədən zərər çəkən şəxslərin müalicə və müayinəsi, işlə təminat və özünüməşğulluqla bağlı olub.

Qeyd edək ki, təşkilat layihə çərçivəsində Bərdə, Ağdam, Tərtət, Ağcabədi, Naftalan və Goranboy rayonundan olan müharibədən zərərçəkən şəxslər, aztəminatlı region sakinlərinə hüquqi konsultasiya xidməti göstərməyi nəzərdə tutur. Bundan əlavə, aztəminatlı şəxslər “Qaynar xətt” (+994702902299) xidməti, “facebook” (https://www.facebook.com/huquqi.yardim.37), “instagram” (https://www.instagram.com/huquqiyardim_pulsuz/) və “WhatsApp” (+994702902299) vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biliblər.