Göyçayda müharibədən zərər çəkən  20 nəfərə hüquq xidməti göstərilib

Göyçay rayonunda aztəminatlı şəxslərə hüquqi konsultasiya xidməti göstərilib. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirə Göyçay rayonundan olan 20 nəfər müharibədən zərər çəkən  şəxs qatılıb.

Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov həyata keçirilən fəaliyyətin əhəmiyyəti barədə məlumat verib. Şəhid ailələri, müharibə veteranları və müharibədən zərər çəkən digər şəxslərin daim Göyçay Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olduğunu bildirən H.Süleymanov həmin təbəqədən olan insanlara dəstək xarakterli fəaliyyətlərin alqışlanan olduğunu qeyd edib.

Daha sonra həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Xalid Kazımov bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarının ərazisini əhatə edəcək. Dörd ay müddətində icra olunacaq layihənin əsas məqsədi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında yaşayan müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlər) şəxsləri hüquqi maarifləndirmək, pulsuz hüquqi konsultasiya xidməti göstərmək və  məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərini həll edərək sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. Müraciətlər əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməməsi, “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, əlillikdən imtina, mənzillə və işlə təminat ilə bağlı olub.

Görüş zamanı 4 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün benefisiarlara çatdırılacaq.