İsmayıllı hadisələri ilə bağlı həbs olunanların Müdafiə Komitəsi yaradılıb

mudafieİsmayıllı hadisələri ilə bağlı həbs olunan Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Müdafiə komitəsinin dünən keçirilən təsis iclasında bildirilib ki, Komitə İsmayıllı hadisələrində həbs edilmiş digər şəxsləri, həmçinin REAL-ın rəhbəri İlqar Məmmədovun da müdafiəsini təşkil etməyə çalışacaq. Komitənin yaranma zərurətindən danışan Müsavat Partiyasının divan üzvü Qubad İbadoğlu komitənin yaradılmasını müdafiənin təşkili istiqamətində atılan ilk addım hesab edib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə T.Yaqublunun İsmayıllıya qəzetin əməkdaşı kimi yollandığını bildirib. Onun sözlərinə görə, bununla bağlı sənədlər Baş Prokurorluğa təqdim olunub.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, bu həbslər fəal insanların cəzalandırılması məqsədi daşıyır: «Biz isə buna qarşı getməliyik. Siyasətçilərin, medianın bölgələrə mütəmadi səfərləri təşkil olunmalı, mitinqlər, piketlər və yürüşlər davam etdirilməlidir».
Tədbirdə çıxış edən REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli isə vurğulayıb ki, müdafiənin vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə qurulması müsbət addımdır.
İclasda T. Yaqublu, İ. Məmmədov və İsmayıllı hadisələri zamanı həbs olunan şəxslərin işinə ədalətli baxılması və sərbəst buraxılması ilə bağlı müraciət qəbul olunub.
Qeyd edək ki, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri fevralın 4-də Nəsimi Rayon Məhkəməsində seçilib. Onların hər ikisi Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunublar.

Video

http://www.youtube.com/watch?feature=player_embedded&v=wwJrGlKcVOQ