Bonn (Almaniya) şəhərində keçirilən “Global Media Forum” çərçivəsində “Şəbəkədə vətəndaş aktivliyinə görə” mükafatının beynəlxalq bloq və sosial şəbəkələr mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib. APA-nın Bonna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir “Deutsche Welle” (DW) media şirkəti tərəfindən təşkil olunub.DW-nin baş redaktoru Ute Şeffer bildirib ki, mükafatçılar etiraz səslərini qaldırmaqla, ideya və təkliflər irəli sürməklə təkcə öz hüquqlarını qorumur, həm də digər insanları cəsarətli olmağa və öz hüquqlarını qorumağa səsləyirlər.
“Ən yaxşı bloq” mükafatı çinli yazıçı-publisist Li Çenpenə təqdim olunub. “Vətəndaş aktivliyi” nominasiyasında Mərakeşin “475: ərə getmək cəzaya çevriləndə” internet layihəsi qalib olub. “Global Media Forum” mükafatına ucqar bölgələrdə yaşayanların internetin üstünlüklərindən istifadə etməsinə kömək edən banqladeşli Mahfuzə Akter layiq görülüb. Kreativlik və orijinallığına görə ingilis dilli “Mən və mənim kölgəm” (“Me and My Shadow”) resursu mükafatlandırılıb.
Ümumiyyətlə, internet sahəsində ekspertlərdən ibarət beynəlxalq münsiflər heyəti 4200 namizəd içindən 6 nəfəri qalib elan edib.