Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Təşkilat bu dəfə ermənilərin xalqımıza qarşı törətdiyi daha bir soyqırımı həqiqətlərini dünyaya çatdırmaq niyyətindədir. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, 20 il öncə aprelin 18-də ermənilər Kəlbəcər rayonunun Başlıbel kəndində soyqırımı törədib: «Son illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 20 il öncə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 54 nəfər dağlara sığınıblar. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan 2 avtomat silahla düşmənə müqavimət göstəriblər. Amma ermənilər tərəfindən mühasirəyə alınan kənd sakinlərindən 23 nəfər güllələnib, 14 nəfər (qadın, uşaq və qoca) isə girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Ruhi xəstə, ahıl yaşda olan kənd sakini işgəncə ilə qətlə yetirilib. Düşmən gülləsindən canını qurtara bilən 31 nəfər isə yenidən dağlara çəkilib və daha 103 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalaraq 500 kilometrə yaxın yol qət ediblər. Nəhayət, 1993-cü il iyulun 17-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər – II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyib orada qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur».
X.Kazımovun sözlərinə görə, «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsi çərçivəsində, məhz bu hadisənin sağ qalan şahidləri tapılaraq danışdırılacaq: «Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir. Beş ay davam edəcək layihə çərçivəsində şahidlərin dili ilə ermənilərin Başlıbel kəndində törətdiyi faciə barədə məlumat həm ölkə ictimayyətinə, həm də dünyaya çatdırılacaq. Hazırda hadisə şahidləri tapılaraq onlardan gördükləri, şahidi olduqları hadisələrlə bağlı məlumatlar alınır. Daha sonra hadisə qurbanlarının yaxınları, həmçinin girovluqda olan şəxslər danışdırılacaq. Toplanılan məlumatlar ingilis dilinə də tərcümə edilərək kitab halında çap olunacaq. Azərbaycan və ingilis dilində çap edilən kitab Azərbaycandakı xarici ölkə səfirlikləri, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsi ilə dünyada yayılacaq».
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi