«Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimatı olub

1240192_580719491969806_1614761331_nRegional İnsan Hüquqları və Media Mərkəzi ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün daha bir addım atıb. 02 sentyabr 2013-cü il tarixində saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, Regional İnsan Hüquqları və Media Mərkəzi 2013-cü il aprelin 4-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsini həyata keçirib: «Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində «Başlıbel  faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı nəşr edilib. Kitabda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən valideynlərin fikirlərini gələcək nəsillərə çatdırmaq istədik. Bir sözlə kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir edilib. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi öz əksini tapıb. Düşünürük ki, bu həqiqətlərin həmin hadisələrin canlı şahidlərinin dili ilə dünya ictimayyətinə və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin apardığı haqq işinə kiçik bir dəstəkdir».
X.Kazımovun sözlərinə görə, 20 il öncə aprelin 18-də ermənilər Kəlbəcər rayonunun Başlıbel kəndində soyqırımı törədib: «Son illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 20 il öncə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər –  I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur».
Tədbirdə çıxış edən “Həsrət Yolu” Əsir və girovlara kömək ictimai birliyinin sədri Esmira Orucova ermənilərin törətdiyi qətliamlarla bağlı həqiqətlərin ictimayyətə çatdırılmasının böyük əhəmiyyət daşıdığını vurğuladı: «Yazılmış kitab bu mənada əhəmiyyətli mənbə ola bilər. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıqların canlı şahidlərinin sayı ildən-ilə azalır. Hazırda nə qədər ki, o insanlar yaşayır, onlardan maksimum məlumatları toplayıb sənədləşdirmək lazımdır. Həmçinin, əsir və girovluqda olan insanların reablitasiyası istiqamətində iş aparmaq vacibdir. Mən uzun illərdir cəhd etsəm də, hələ ki, belə bir reablitasiya mərkəzinin yaradılmasına nail ola bilməmişəm».
Hümanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov hazırlanan kitabın həm də Başlıbel kəndinin tarixini öyrənmək baxımından əhəmiyyət daşıdığını vurğuladı: «Kİtab 1993-cü ilin aprelində Başlıbel kəndində törədilən faciənin şahidlərinin fikirləri  əsasında hazırlanıb. Bu fikirlərlə tanış olduqca həmin hadisələrin ağırlığını bir daha hiss edirsən. Kitab həm də Başlıbel kəndinin tarixini, orada yaşayan insanların mübarizliyini, vətən sevgisini göstərmək baxımından da əhəmiyyətlidir».
Daha sonra tədbirdə çıxış edən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev, Qafqaz Media Tədqiqatları Mərkəzinin sədri Anar Orucov, Kəlbəcər rayon 18 saylı orta məktəbin direktoru Arzuman Qarayev, Azərbacan Texniki Universitetinin müəllimi Saleh Mirzəyev, Başlıbel kəndində 113-gün mühasirə həyatı yaşayan Səlim Mehdiyev, Elşad Əzizov, Məzahir Abbasquliyev, Başlıbel kəndində şəhid olan Yaqub Səmədovun oğlu Bəhruz Səmədov kitabla bağlı fikirlərini səsləndirdilər.
Tədbirə yekun vuran Xalid Kazımov vurğuladı ki, Başlıbel kəndi işğal olunarkən diri-diri yandırılan da, ağır işgəncələrlə öldürülən də, övladının, valideyninin, həyat yoldaşının gözləri qarşısında güllələnənlər də olub: «Girov götürülən Başlıbel sakinləri isə ermənilərin aylarla davam edən vəhşiliyinə dözməli olublar. İllərlə qazandıqlarından bir kibrit çöpü belə çıxara bilməyən, bütün var-dövlətləri qarət olunan, qurub-yaratdıqları kəndləri viran qoyulan başlıbellilər bu gün öz yaşayışlarını təmin edə biliblər. Amma Başlıbeldə törədilən faciənin onların ürəyinə vurduğu ağrılar uzun illər sağalmayacaq. Amma Başlıbel hadisəsi bütün bu ağırlıqlarına rəğmən düşmən arxasında yaşamağın, bir məqsəd uğrunda birləşən insanların hər şeyə qadir olduqlarını  göstərdi. Demək, hər daşı, hər qayası, hər dağı alınmaz bir səngər olan  Kəlbəcəri, Laçını düşməndən azad etmək o qədər də çətin deyil. Ömrünün böyük bir hissəsini orada yaşayan insanlar o torpaqların hər cığırına bələddir. Kəlbəcərin işğalından sonra da dəfələrlə öz torpaqlarını ziyarət etmək üçün düşmənin bütün mövqelərini keçib gedən oğullar həmin torpaqlarda aparılan partizan müharibəsində böyük uğur qazana, torpaqlarımızı qısa müddətdə düşməndən azad edə bilərlər. Amma üzücü hal odur ki, o insanların sayı hər ötən gün azalır və əksəriyyəti dünyasını dəyişib. Bu gün Kəlbəcərdən, böyük faciənin yaşandığı Başlıbeldən kənarda dünyaya gələn uşaqların isə artıq 21 yaşı var. Həmin  gənclərimizin qəlbində vətənpərvərlik ruhu nə qədər yüksək olsa da, ataları, babaları qədər o yerlərə bələd deyillər. Odur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi işini övladlarımıza miras qoymamalıyıq».

se1264163_634618433238917_1415277857_oDSC03577

DSC03589 DSC03596