ATƏT: «Biz müşahidə edirik, işimiz tənqiddən ibarət deyil»

AtetATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Bakıda mətbuat konfransı keçirib. Missiyanın rəhbəri Tana de Zulueta bildirib ki, missiya avqustun 29-dan işinə başlayıb. Bu, ATƏT-in Azərbaycanda müşahidə etdiyi doqquzuncu seçkidir.  «Biz seçkinin beynəlxalq standartlara, yerli qanunvericiliyə, Azərbaycanın ATƏT öhdəliklərinə uyğun keçirilib-keçirilmədiyini müşahidə edəcək və qiymətləndirəcəyik. Seçki prosesinin bütün mərhələlərini – namizədlərin qeydiyyatını, kampaniyanı, media ilə əlaqələri, şikayətlərin araşdırılmasını müşahidə edəcəyik». Onun dediyinə görə, uzunmüddətli müşahidəçilər sentyabrın 9-da, qısamüddətli müşahidəçilər isə oktyabrın 5-də Bakıya gələcək. Qısamüddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq Hər bölgəyə 2 müşahidəçinin göndərilməsi nəzərdə tutulub.
Müşahidəçilər oktyabrın 19-na qədər Azərbaycanda qalacaq, seçkinin ikinci mərhələsi olsa, onu da müşahidə edəcəklər.
«Biz seçkini müşahidəyə hökumətin dəvəti ilə gəlmişik. İşimiz müşahidədir, tənqiddən ibarət deyil. Seçki prosesi ilə bağlı tövsiyələrimizi verəcəyik. Biz yalnız müşahidə edirik, prosesi irəlilədən hökumət və vətəndaşlardır. Biz prosesə dəstək veririk», – Tana de Zulueta bildirib.
Müşahidə missiyasının rəhbəri bildirib ki, ilkin müşahidələr və rəylər üzrə bəyanat seçkidən bir gün sonra veriləcək. Seçki prosesinin müşahidəsinin tam nəticələrini özündə əks etdirən tam hesabat isə seçkilərin bitməsindən təxminən 2 ay sonra dərc olunacaq.
«Əvvəlki seçkilərdən sonra ATƏT-in verdiyi tövsiyələrdən bəziləri hələ də icra olunmayıb» deyən Tana de Zulueta icra olunmayan öhdəlikləri konkret sadalamayıb.
Sərbəst toplaşma azadlığına gəlincə, o, 2010-cu il tövsiyələrindən birinin məhz sərbəst toplaşma azadlığı ilə bağlı olduğunu vurğulayıb. Onun dediyinə görə, bu hüquq Konstitusiyaya və beynəlxalq hüquqa uyğun həllini tapmalıdır:
Rüstəm İbrahimbəyovun MSK-ya qarşı iddiasına gəlincə, Tana de Zulueta bildirib ki, onun da məsələsi diqqətdə saxlanacaq.