Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə 18 təqsirləndirilən şəxs barəsində hökm oxunub. Məhkəmə “Real” hərəkatının lideri İlqar Məmmədovu 7, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunu 5 il müddətinə azadlıqdan məhrum edib. Qalan 16 təqsirləndirilən şəxs aşağıdakı cəzaları alıb: Səftar Ağamalıyev, Anar Həsənov və Vasif İbrahimov hər biri 8 il azadlıqdan məhrumetmə, Elşən İsmayıllı 5,5 il, Elşən Qurbanov 5 il, Qənbər Ağamalıyev 4,5 il, Cəfər Cəfərov 4,5 il, Şükran Möhbalıyev 2,5 il.
Daha bir qrup şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib – Şakir Mustafayev (3,5 il), Ceyhun Abbasov (3,5 il), Səxavət Səmədov (3,5 il), Xəyal Şaranov (3,5 il), Rəşid Məmmədov (3 il), Daşqın Ağayev (3 il), Aydın Cabbarov (3 il) və Mirkazım Abdullayev (3 il).Hakim həmçinin vəkillər Xalid Bağırov və Fuad Ağayevdən Vəkillər Kollegiyasına şikayət etməyi qərara alıb.
Bütün müttəhimlər 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi) maddələri ilə təqsirli biliniblər.
Təqsirləndirilənlərdən bəziləri 180.1-ci (soyğun) maddəsi ilə təqsirli bilinib. Onların əksəriyyəti təqsirlərini boynuna almayıb, bəziləri isə özlərini qismən təqsirli biliblər. Müşahidəçilərin qiymətləndirmələrinə görə, proses kobud pozuntularla keçirilib. Proses boyunca 18 nəfər dar qəfəsdə saxlanılıb. Məhkəmə nəinki müdafiə tərəfin vəsatətlərini təmin etməyib, həm də vəkillərə təzyiq göstərib, Fuad Ağayevi cərimə edib.
Prokuror və hakim şahidlərə təzyiq göstərib. Eyni zamanda, bir çox şahidlər bildiriblər ki, ibtidai istintaqda təzyiq altında ifadə veriblər. Bir çox şahidlər müttəhimlər arasında iğtişaşların iştirakçılarını tanımayıblar. Məmmədovun və Yaqublunun təqsirinin heç bir sübutu təqdim edilməyib. Onlar yanvarın 24-də cəmi bir saat İsmayıllı şəhərində olublar və onların olduğu yerdə sakitçilik olub, videomateriallar da bunu sübut edib.
Nüfuzlu beynəlxalq təşkilatlar dəfələrlə İlqar Məmmədovu və Tofiq Yaqublunu azad etməyi tələb ediblər, onlara qarşı ittihamları saxta və siyasi motivli hesab ediblər. Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.
Qeyd edki, 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna icra hakimiyyəti rəhbərinin qohumları və yaxınları olan bir qrup şəxsin ədəbsiz davranışı səbəb olub. Bu, yerli sakinlərin qəzəbinə və etirazlarına səbəb olub, onlar “Çıraq” otelini yandırıblar, daha sonra şəhərdə polis və rayon icra başçısının istefasını tələb edən yerli sakinlər arasında qarşıdurma baş verib. (contact.az)
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi