Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin işğalından 21 il ötür. Bu illər ərzində dəyişən yalnız işğal tarixinin rəqəmləri olsa da, illlər ötdükcə itirilən torpaqlarımızın dəyərini daha yaxşı anlayır, iqtisadi əhəmiyyətinı daha artıq hiss edirik. Bəlkə də, Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasaydı, ölkəmizin iqtisadi gücü, əhalinin həyat səviyyəsi indikindən dəfələrlə yaxşı olardı. Bu gün isə 1936 kvadrat kilometr ərazisi olan Kəlbəcərin 70 minə yaxın əhalisi respublikanın 59 rayonunun 707 yaşayış məntəqəsində köçkün həyatı yaşayır.
Kəlbəcər rayonu Qarabağ müharibəsi dönəmində 5 il mühasirə şəraitində yaşayıb. Rayon iki il elektrik enerjisiz qalıb və Kəlbəcər sakinləri düşmənə ov tüfəngləri ilə müqavimət göstərib. 1992-ci il aprelin 8-də Ermənistan Silahlı Qüvvələri Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün Ağdaban kəndinə hücum edib və dəhşətli soyqırımı törədib. Həmin vaxt Ağdaban kəndinin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. Bu hadisə zamanı 67 nəfər qətlə yetirilib (onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadındır), 5 nəfər girov götürülüb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti alıb. Ağdaban kəndinin 7 nəfər sakini diri-diri odda yandırılıb. Amma Kəlbəcər sakinləri bundan sonra da düşmənə müqaviməti davam etdirib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı isə Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 mülki şəxs, 55 hərbçi qətlə yetirilib. 1231 nəfər girov götürülərək ağır işgəncələrə məruz qalıb, 2500 nəfər əlil olub. Girovluqda olan şəxslərdən 43 nəfərin taleyindən bugünədək məlumat yoxdur. Kəlbəcərin işğalından sonra Başlıbel kəndini tərk etməyən 62 nəfər dağlarda sığınacaq tapıb. İşğaldan 18 gün sonra onlardan 27 nəfəri qətlə yetirilib, 19 nəfəri girov götürülüb, 30 nəfər isə 133 gün düşmənin əhatəsində qalaraq partizan müharibəsi aparıb. Həmin şəxslərdən 29 nəfər 1993-cü iyulun 22-də Daşkəsənə ərazisinə gəlib çıxsalar da, bir nəfər kəndi tərk etməyib və taleyindən indiyədək heç bir məlumat yoxdur.
Qeyd edək ki, 8 avqust 1930-cu ildə təşkil edilən Kəlbəcər rayonu qərbdə Ermənistan, şimalda Daşkəsən, Xanlar, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ən iri yaşayış məntəqələri Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılınclı və Zülfüqarlı kəndləridir. İşğal vaxtı rayonda 11 məıdəniyyət evi, 35 klub, 65 kitabxana, 20 kinoqurğu, 3 məktəbəqədər müəssisə, 8 ibtidai, 43 səkkizillik, 40 orta məktəb, 9 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, məişət xidməti kombinatı, yerli radio verilişləri stansiyası, 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərib. İşğal nəticəsində o vaxtkı qiymətlərlə rayonun xalq təsərüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri – İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu, «Aqrotikinti» birliyi, Kənd tikinti tresti, yol tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərirdi. Onun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstəib. Hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 milyon baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi