Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə “NIDA” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Dünən keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. Bundan sonra R.Həsənov bildirib ki, müttəhimlər həbsi qanunsuz hesab edirlər və prokurorun çıxışına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayacaqlar.
“Azad olunana qədər aclığı davam etdirəcəyik”, – o vurğulayıb.
Vəkil Fariz Namazlı prokurorun çıxışını şərh edərkən bildirib ki, məhkəmə istintaqı müttəhimlərin günahını sübuta yetirməyib.
“Bu, siyasi prosesdir. Lakin prokuror heç olmasa Quliyev və Rüstəmzadənin üzərində “xuliqanlıq” maddəsi üzrə ittihamı (Harlem Shake fleşmobu ilə əlaqədar) götürməlidir, çünki bunun heç saxta ittihamlara da aidiyyatı yoxdur”, – o qeyd edib.
Qeyd edək ki, 8 müttəhim 2013-cü ilin mart-aprel aylarından həbs olunub. Onlar orduda qeyri-döyüş itkilərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı kütləvi iğtişaşların təşkilində ittiham olunurlar. Onlara qarşı həmçinin qanunsuz partlayıcı və narkotik maddənin saxlanması ittihamı irəli sürülüb. Amnesty International həbs olunanları “vicdan məhbusu” adlandırıb.
İş üzrə məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi