Milli Televiziya və Radio Şurası (MTRŞ) Zaqatalanın «Aygün TV»nə verdiyi lisenziya müddətini uzatmayıb. Fevralın 14-də MRTŞ-nın yaydığı məlumatda deyilir ki, «Aygün TV» lisenziya üçün lazım olan sənədləri quruma təqdim etməyib. Tənzimləyici qurum onu da bildirir ki, hələ ötən ilin dekabrında «Aygün TV»yə lisenziyanın verilməsi məsələsi müzakirə edilərkən, televiziya lazımi sənədləri onlara təqdim etməmişdi. O zaman TV-yə xüsusi razılıq müddətinin verilməsinə dair müzakirə ertələnmişdi.Məlumatda deyilir ki, «Aygün TV»nin fəaliyyəti araşdırılandan sonra «çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib».
MRTŞ komissiyası hesab edir ki, «Aygün TV»də proqramlar saxlanmayıb, qeydiyyat jurnalı da mövcud olmayıb. Halbuki teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalıdır.
«Aygün TV»nin direktoru Nəzirxan Nuriyev isə AzadlıqRadiosuna bildirib ki, o bu xəbəri çoxdan gözləyirmiş: «Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».
«Aygün TV»yə verilən xüsusi razılığın müddəti ötən il dekabrın 11-də bitmişdi.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi