Regional İnsan Hüquqları və Media Mərkəzi məcburi köçkün gənclər üçün təşkil etdiyi ödənişsiz kompyuter kursları yekunlaşıb. Bərdə rayonunda həyata keçirilən «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edib. layihənin məqsədi məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır. Layihə çərçivəsində məcburi köçkün ailələrindən olan şəxslərə üç ay müddətində kompyuter bilikləri verilib. Layihədən birbaşa Bərdə şəhərində yaşayan məcburi köçkün ailələrindən olan 20 nəfər faydalanıb. Layihənin yekunu ilə bağlı Bərdə rayonunda tədbir keçirilib. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat verilib.
Gənclərə seritifikatları təqdim edən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov və Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov gənclərə gələcək işlərində uğurlar arzuladı.
Vurğulandı ki, kurslarda iştirak edənlər orta məktəblərdə kompyuter təhsili ala bilməyən və hazırda belə kurslarda iştirak etmək üçün maddi imkanı olmayan şəxslər olub. Belə ki, məcburi köçkün məktəblərində əyani vəsaitin olmaması orta məktəb illərində onların kompyuter biliklərinə yiyələnməsinə imkan verməyib. Bəzi orta məktəblər kompyuterlə təmin olunsa da, bu sahədə verilən bilik arzuolunan səviyyədə olmayıb. Məcburi köçkün gənclərin kompyuter biliklərinin olmaması onların məşğulluğunun təmin olunmasında da problem yaradır. Bu səbəbdən məcburi köçkün gənclər üçün pulsuz kompyuter kurslarının təşkil edilməsi onların məşğulluq probleminin həllinə də yardım edə bilər.
Qeyd edək ki, layihə Barışıq Resursları təşkilatının (Conciliation Resources) və Humanitar Tədqiqatlar Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib.
FOTOLAR