Hüquq müdafiəçisi həbs edilib

anarSeçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbs edilib. Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Mərkəzin koordinatoru Samir Kazımlının sözlərinə görə, Anar Məmmədliyə artıq iki vəkil tutulub: bunlar Rəşid Hacılı və Elçin Sadıqovdur. Amma hələlik vəkillərin Anar Məmmədli ilə görüşməsi mümkün olmayıb.
Qeyd edək ki, Anar Məmmədli 1995-2002-ci illərdə Azərbaycan Dillər Universitetində german dillərinin filologiyasi üzrə bakalavr və magistr təhsili alıb. 2001-2008-ci illərdə Seçki Monitorinq Mərkəzinin İcraçı katibi və direktoru olub. 2008-ci ildə isə SMM-in qeydiyyatı məhkəmənin qərarı ilə ləğv edildikdən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi olub. Hazırda həmin qurumun sədridir.
A.Məmmədli indiyədək ölkədə keçirilən 12 seçkinin monitorinqi, həmin seçkilər dövründə seçici fəallığı və seçicilərin məlumatlandırlması yönündə proqram və tədbirlərin, habelə material və hesabatların yazılımasında iştirak edib.