Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayılıb

rauf mirkadirovProkurorluq “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.
R. Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
R. Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub. Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.
Ax.şam saatlarında isə Rauf Mirqədirovun vəkili Fuad Ağayev mətbuat konfransı keçirib. Fuad Ağayev bildirib ki,  bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında işi aparan müstəntiqlə və Rauf Mirqədirovla görüşüb. O deyib ki, R. Mirqədirovla bağlı Nəsimi Rayon Məhkəməsində 3 ay müddətinə həbs-qətimkan tədbiri də seçilib: “Rauf Mirqədirov ifadə verməkdən imtina elədi”.
Vəkil deyib ki, istintaq R. Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlıq etdiyini bildirir: “Guya 2008-2009-cu illərdə Azərbaycanda hərbi vəziyyət, strateji dövlət obyektləri barədə Ermənistana məlumat ötürüb. Rauf Mirqədirov bir çox beynəlxalq tədbirdə iştirak edib, onun masa arxasında kiminləsə şəklini çəkmələri mümkündür. İttihamda Laura Baqdasaryan adlı şəxsin və daha bir nəfərin adı keçir. Həmin Laura Baqdasaryanla 2001-ci ildə hüquq müdafiəçisi Leyla Yunusun layihəsi olub, 2005-ci ildə birgə internet jurnal buraxıblar. Onların müştərək layihəsi var, yəni partnyordurlar. Burdan da görünür ki, bu həbsin davamı olacaq ”.
Vəkil bildirib ki aprelin 19-a keçən gecə Rauf Mirqədirov Gürcüstana getmək istəyib: “Ankara yaxınlığında onun içində olduğu  avtobus saxlanılıb. Onu polis bölməsinə aparıblar, amma müdafiəçi ilə təmin olunmayıb. Sonra da deportasiya olunduğunu bilib. Ona qarşı işgəncə faktı olmayıb, fiziki zor tətbiq edilməyib. Mənə də bildirdi ki, onunla kifayət qədər nəzakətlə rəftar ediblər. Saxlanma şəraitindən narazılığını bildirmədi”.