Hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunus hava limanında saxlanılıb

leyla yunus29 Aprel 2014 00:20
Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus saxlanılıb. Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar.  Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir. Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər.
Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq Xalid Bağırovu tələb ediblər. X. Bağırov APA-ya açıqlamasında faktı təsdiqləyib. O deyib ki, bir qədər əvvəl hava limanında olsa da, ona heç bir məlumat verilməyib və saxlanılan şəxslərlə görüşməsi mümkün olmayıb: “ Amma onlar indi də hava limanındadırlar.  Hazırda hüquq-mühafizə orqanları onların yüklərində axtarış aparır. Bundan sonra isə evlərində və ofislərində axtarış aparılacağı gözlənilir”.
Qeyd edək ki, vəkil Fuad Ağayev bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış Rauf Mirqədriovun vəkilidir. R. Mirqədirov  Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. Onunla bağlı cinayət işində adı keçən şəxslərdən biri də Leyla Yunusdur.
Leyla Yunus “Amerikanın Səsi”nə bildirib ki, onlarla bağlı yoxlanış aparılıb: “Bizim çemodanlarımızı, sumkalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”.

29 Aprel 2014 16:58
Hüquq müdafiəciləri – Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənanyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhramanlı Aprelin 28-də Sülh və Demokratiya İnsitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Brüssel şəhərinə konfransa səfəri zamanı hava alanında saxlanılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişlər. Müraciətdə polis tərəfindən L.Yunus və A.Yunusa qarşı kobud və qeyri-etik davranışdan hüquq müdafiəçilərinin ciddi narahatlığı qeyd olunmuşdur.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın 2014-cü ilin may ayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana nəzərdə tutulan səfəri, Avropa Şurası Baş katibi Tyorborn Yanqlandın Bakıya səfəri ərəfəsində Leyla Yunusun saxlanılması Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəmizi tənqid etməyə ciddi əsas verir.
Hüquq müdafiəçiləri AR Prezidentindən Leyla və Arif Yunusa qarşı qanunsuz hərəkət etmiş və kobud davranmış, A.Yunusu ağır fiziki duruma gətirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edir, L.Yunusa qarşı olan şübhələrin istintaq orqanları tərəfindən obyektiv araşdırılmasını Prezidentin nəzarətdə saxlamasını xahiş edirlər.

29 Aprel 2014 19:30
Biz vəziyyəti diqqətlə izləyirik. Leyla Yunus və həyat yoldaşı Arif Yunus ilə birbaşa ünsiyyətdə olmuşuq”. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Leyla və Arif Yunusların xahişi ilə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan aprelin 28-də hava limanında onlarla görüşüb: “Biz həmçinin bu məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamışıq. Rauf Mirqədirovla bağlı məsələdə olduğu kimi, biz narahatıq ki, Azərbaycan hökumətinin gördüyü tədbirlər Leyla və Arif Yunusların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və etimadın möhkəmləndirilməsinə yönəlmiş layihələrdə iştirakı ilə bağlı ola bilər”.

29 Aprel 2014 21:58
Leyla Yunusun evində axtarış aparılıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunusun evində aparılan axtarış bu dəqiqələrdə yekunlaşıb.
Leyla Yunus bildirib ki, onların evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Almaniyadakı bank hesablarının plastik kartları, özünün və həyat yoldaşının ümumvətəndaşlıq pasportları götürülüb.

29 Aprel 2014  22:11
Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması faktı ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar. Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib.
Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.
Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb.
Leyla Yunusova iş üzrə şahid qismində dindirilmiş, Arif Yunusov isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib. Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusovanın özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

VIDEO

https://www.youtube.com/watch?v=6pCbFGbfeO0

https://www.youtube.com/watch?v=H4kcubKN0Cc

https://www.youtube.com/watch?v=DAcuJ2I89ZY