NİDA hərəkatı fəallarına hökm oxunub

NIDACHIBakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı fəallarına hökm oxunub. Məhkəmənin hökmü ilə  təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8,  Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib.“Nida”çılar dövlət ittihamçısının bu çıxışına etiraz olaraq aclıq aksiyasına başladıqlarını elan ediblər.
Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. Xatırladaq ki, Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.
ABŞ – ın Azərbaycandakı səfirliyi “NİDA”-çı gənclərlə bağlı məhkəmənin çıxardığı hökm haqqında bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi çox şübhəli ittihamlarla səkkiz gənc fəalın uzunmüddətli həbs cəzasına məhkum edilməsi barədə 6 may tarixli məhkəmə qərarından dərin məyusluq hissi keçirir.
Biz Azərbaycan hökumət nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırmışıq. Azərbaycan hökumətinin ABŞ və digər səfirliklərin müşahidəçilərinə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı biz məhkəmə prosesində ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlar müşahidə etmişik. Biz, həmçinin, məhkəmə nümayəndlərinin sübutlarla yalnış rəftar və hüquqi axtarış prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik.
Biz Azərbaycan hökumətini bir daha Avropa Şurasının Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi nəzərə alaraq insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq.

VİDEO

https://www.youtube.com/watch?v=jwjUScZsVlM