Daha bir hüquq müdafiəçisi saxlanılıb (Yenilənib)

resul ceferovDaha bir hüquq müdafiəçisi saxlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov  barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Rəsul Cəfərova qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.  Bu gün isə Baş Prokurorluq hüquq müdafiəçinin həbsi ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlarda Cəfərov Rəsul Ağahəsən oğlunun həmtəsisçisi və sədri olduğu hüquqi qeydiyyatı olmayan “İnsan hüquqları klubu” İctimai Birliyində şübhəli bank əməliyyatları həyata keçirilməsi qeyd edildiyindən birliyin fəaliyyəti məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb. Rəsul Cəfərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2010-cu ilin oktyabr ayından etibarən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etmədən qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 147 min 900 manat məbləğində külli miqdarda gəlir əldə etməklə, habelə dövlət büdcəsinə ödənilməli olan 6 min 162 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr mövcuddur.
Rəsul Cəfərovun Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
Bu gün vəkil Xalid Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşüb. “Turan İA”-ın müxbiri ilə söhbətində vəkil bildirib ki, Rəsul Cəfərovun əhval-ruhiyyəsi yaxşıdır, o, irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmir və onları siyasi motivli hesab edir. Hüquq müdafiəçisi CM-in 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur: «Rəsul Cəfərovun dövlət tərəfindən qeydiyyata alınmış QHT-si yox idi və o, müxtəlif layihələrdə koordinator kimi iştirak edirdi. Bu isə vəzifə deyil. Vəzifəsi olmayan Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə də edə bilməzdi. O, həmçinin “qanunsuz sahibkarlıq” ittihamını da yersiz sayır, belə ki, Cəfərov gəlir əldə etmək məqsədilə kommersiya fəaliyyəti ilə məşğul olmayıb. Vergilərin ödənilməməsinə gəlincə, istintaq iddia edir ki, Cəfərov 5 illik maliyyə fəaliyyəti ərzində 150 min manat gəlirindən 6 min manatlıq vergini ödəməyib. Lakin Cəfərov istintaqın tələb etdiyi bütün sənədləri hələ iyulun 31-də təqdim edib və istintaq fiziki olaraq bu sənədləri yoxlaya və vergidən yayınma faktını müəyyən edə bilməzdi».
Vəkil həmçinin Cəfərovun istintaqdan yayınmaq bəhanəsi ilə həbsinin əsassız olduğunu qeyd edib: “Rəsul Cəfərov iyulun 31-də, avqustun 1-də və 2-də səliqəli şəkildə prokurorluğa baş çəkib. İstintaqdan yayınma haqqında necə danışmaq olar?

“Müstəntiq həbsi Cəfərovun “xarici təşkilatlarla yaxşı əlaqələri” olması və onun ölkədən gedə bilməsi ilə əsaslandırıb. Amma ölkəni tərk etməsinə qadağa qoyulubsa, o, necə gedə bilər? Müstəntiqin daha bir arqumenti o idi ki, Cəfərov azadlıqda qalarsa, “cinayət əməllərinə davam edə bilər”. Lakin qrant alınması və layihələrin həyata keçirilməsi cinayət fəaliyyəti deyil” – deyən Bağırov əlavə edib ki, həbs qərarından şikayət veriləcək.

VİDEO

http://www.azadliq.org/content/article/25478524.html