Regional İnsan Hüquqları və Media Mərkəzi Bərdə rayonunda iki günlük seminar keçirib. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi» layihəsi çərçivəsində təşkil olunub. Dörd ay müddətində icra olunan layihə regionlarda yaşayan yeni media və sosial şəbəkə fəalları arasında ictimai məsuliyyətin artırılmasına yönəldilib. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə çərçivəsində iki seminarın keçirilməsi nəzərdə tutulur:
«İnternet və bu platforma üzərində sürətlə yayılan sosial media bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla hər bir fərdin özünü ifadə etmək, cəmiyyəti maraqlandıran problemləri ictimailəşdirmək imkanı yaranıb. On il öncə ictimai əhəmiyyətli informasiyalar yayılması üçün müəyyən problemlər yarana bilərdisə, bu gün yeni medianın imkanları sayəsində bu problem aradan qalxıb. Amma son illər bütün dünyada olduğu kimi Azərbaycanda da çap mətbuatına maraq aşağı düşdüyündən yeni medianın inkişafı daha çox nəzərə çarpır. Ölkənin regionlarına çap mətbuatının yayılması aşağı səviyyədə olduğu üçün əhalinin əsas informasiya alma mənbəyi sosial media və televiziyalardır. Televiziyalar isə regionlardan olan xəbərlərə çox az yer ayırır. Belə olan halda region sakinlərini narahat edən ictimai və sosial məsələlər sosial media, xüsusən sosial şəbəkələr, bloqlar, xəbər portallarında işıqlandırılır. Amma bu tribunadan düzgün istifadə edilməməsi bəzən Azərbaycanın dövlətçilik maraqlarına zidd informasiyaların da qısa müddətdə geniş auditoriyada yayılması ilə nəticələnir. Bu layihə çərçivəsində keçirdiyimiz seminarın da əsas məqsədi sosial şəbəkələrdə və vətəndaş jurnalistikası sahəsində fəal olan region gəncləri arasında ictimai məsuliyyətin artırılmasına nail olmaq idi».
X.Kazımov deyir ki, Bərdə rayonunda keçirilən iki günlük seminarda Bərdə və Ağdam rayonlarından olan gənclər iştirak edib: «Seminarda ümumilikdə 20 nəfər iştirak edib. Ağdam rayonundan olan gənclərin də seminarda iştirak üçün Bərdə rayonuna iki günlük səfəri təşkil edilib. İştirakçılara oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması, KİV haqqında qanun, sosial media, vətəndaş jurnalistikası ilə bağlı nəzəri və təcrübi biliklər verilib. Həmçinin, iştirakçılar bloq yaradılması, regiona aid xəbərlərin sosial mediada yayılması yolları ilə bağlı məlumat əldə ediblər. Seminar zamanı gənclərə yeni medianın təmamilə məsuliyyətsiz sahə olmadığı və onlara verilən imkandan süi-istifadə edilməməsinin vacibliyi vurğulanıb. Gənclər yeni mediada yaydıqları doğru olmayan informasiya, başqalarına ünvanlanan təhqir, böhtana görə daşıdıqları məsuliyyət barədə məlumatlandırılıb. İki günlük seminar zamanı gənclər həm nəzəri, həm də təcrübi biliklər əldə edə biliblər».
Təşkilat sədri deyir ki, yeni vasitələr özləri ilə həm böyük imkanlar, həm də hələ də araşdırılmasına ehtiyac duyulan potensial təhlükələr gətirir: «Bu gün sosial şəbəkələrdə, xəbər portallarında insan hüquqlarının pozuntusu, vətəndaşların barəsində yoxlanılmamış məlumatların yayılması, təhqir, şantaj xarakterli yazılara tez-tez rast gəlirik. Amma hər bir internet istifadəçisi məsuliyyətli olmalı, internet vasitəsilə hüquqazidd hərəkətlər, qanunazidd çağırışlar etməməlidir. İnternet və sosial mediada kimlərinsə hüquqları pozulursa, buna yol verənlər məsuliyyət daşımalıdır. Əgər bu gün vətəndaşların mülkiyyəti toxunulmazdırsa, bu hüquq internet məkanında da təmin edilməlidir. Vətəndaşların şərəf və ləyaqətinin qorunması, dövlətin təhlükəsizliyinə xələl gətirən məlumatların yayılmaması digər mətbuat orqanlarında olduğu kimi internet mediada da yerləşdirilməməlidir. Digər tərəfdən həm sosial şəbəkələrdə, həm də digər vasitələrdə şikayət etmək imkanları var. Bu hallar cinayət həddinə çatdıqda isə qanunvericilik çərçivəsində addımlar atıla bilər. Araşdırmalar bcz göstərir ki, internet üzərində hansısa inzibati nəzarət funksiyası tətbiq etmək çətindir. Buna görə də demokratik ölkələr bu cür hərəkətlərdən imtina edirlər. Belə ki, internetin genişləndiyi illərdə qərb ölkələri müəyyən mikrociplər vasitəsilə bunun qarşısını almağa hazırlaşırdılar. Amma sonradan bunun senzuraya aparan yol olduğu üzə çıxdı və qarşısı alındı. Bu səbəbdən ən əsas yol internet etikasının cəmiyyətdə oturuşmasını təmin etmək və maarifləndirmə tədbirləri aparmaqdır».
Qeyd edək ki, Naftalanda keçiriləcək seminarda isə Naftalan və Tərtərdən olan gənclər iştirak edəcək. Bu seminar zamanı da Tərtər rayonundan olan gənclərin Naftalana səfəri təşkil ediləcək. Sonrakı mərhələdə seminarda iştirak edən gənclərin yaşadıqları rayonlara aid hazırladıqları xəbər, audio və video reportajların ölkə mediasında yayılmasına köməklik göstəriləcək. Cəbhə bölgəsində yerləşən rayonlara aid xəbərlər həm seminar iştirakçılarının yaratdıqları bloqlarda, həm ölkə mətbuatında, həm də «region xəbərləri» facebook qrupunda yerləşdiriləcək.