Daha bir internet TV fəaliyyətini dayandırdı

kanal 13Ölkədə azad media üzərinə olan basqılar davam etməkdədir. Son aylarda fəaliyyətini dayandıran mətbuat qurumları sırasında Azərbaycanın ilk internet televiziyası olan “Kanal 13” də var. Kanaldan verilən məlumata görə bu ilin avqust ayının ortalarında kanalın sədri Anar Orucov ölkədən çıxdıqdan sonra praktiki olaraq “Kanal 13” fəaliyyət göstərmir.Televiziya əməkdaşlarından Orxan Bəşirov isə qurumun fəaliyyətinin dayandırmasına əsas səbəb kimi texniki işlərin yerinə yetirildiyi bir neçə vacib komputerin polis tərəfindən müsadirə olunmasını göstərib: “Təəssüf ki, komputerlərimizi aparandan sonra heç bir fəaliyyət imkanımız qalmayıb. Əslində həftədə 1-2 dəfə çəkiliş ediridik. Amma indi bu da mümkün deyil. Nə çəkməyə kameramız var nə də montaj etməyə komputerimiz”.

O vəziyyətin nə qədər davam edəcəyi ilə bağlı suala da aydınlıq gətirməyib: “Hələ heç kim nə olacağını bilmir. Gözləyirik”.

Qeyd edək ki, Qafqaz Media Tədqiqatlar Mərkəzi İctimai Birliyinin tərkibində fəaliyyət göstərən “Kanal 13” barədə yazan hökümətə yaxın mətbuat kanal rəhbərliyini Azərbaycanda inqilabi TV yaratmaqda ittiham edib və İREX təşkilatının qanunsuz olaraq quruma 46 min dollar pul ayırdığını bildiriblər. Kanal rəhbərliyi isə bütün ittihamları rədd edir.