Araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbs edilib

xedice hebs 1Araşdırmaçı-jurnalist Xədicə İsmayılova Bakı Prokurorluğuna çağırılıb və oradan Səbail rayon məhkəməsinə aparılıb.  Səbail rayon məhkəməsi Xədicə İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı 125-ci maddə (intihar həddinə çatdırma) ilə ittiham irəli sürülüb. X.İsmayılova jurnalist Tural Mustafayevin intihar cəhdi ilə əlaqədar həbs edilib.  Vəkil Elton Quliyev isə bildirib ki, jurnalist Xədicə İsmayılovaya qarşı irəli sürülmüş ittiham absurddur: “İttiham tamamilə absurddur. İttiham absurd ehtimallar əsasında irəli sürülüb. Məhkəmənin qərarı əsassızdır və İsmayılovanın jurnalist fəaliyyəti ilə bağlıdır”, deyə vəkil məhkəmə iclasından sonra bildirib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Xədicə İsmayılovanın həbsini qətiyyətlə pisləyib. “İsmayılovanın həbsi onun azad və tənqidi səsinin boğulmasına yönəlmiş kampaniyanın bir hissəsi olan mütəşəkkil qorxutmadan başqa bir şey deyil”, deyə Miyatoviçin cümə günü Bazeldə ATƏT Nazirlər Şurasının 21-ci iclasında çıxışında səsləndirdiyi bəyanatda bildirilir.
Daha sonra sənəddə qeyd edilir ki, İsmayılova özünü öldürmə həddinə çatdırma ittihamı ilə məhkəmədən öncə iki aylıq həbsə məruz qoyulub və jurnalist təqsirli bilinərsə 7 ilədək azadlıqdan məhrum edilə bilər.
Miyatoviç vurğulayır ki, İsmayılovanın həbsə alınması bir qrup jurnalistin, blogerin və hüquq müdafiəçisinin mühakimə və uzunmüddətli həbslərə məruz qoyulmasının ardınca gəlib.
Xüsusən, Miyatoviç bu sırada hüquq müdafiəçisi Rəsul Cəfərovun, jurnalistlər Seymur Həzi, Pərviz Həşimli, blogerlər Ömər Məmmədov, Abdulla Əbilov və Rəşad Ramazanovun adlarını çəkib.
“Azərbaycan hakimiyyətinə kütləvi informasiya vasitələrinin azadlığına ziyan vuran bu təcrübəyə son qoymaq çağırışımı təkrar edirəm”, deyə Miyatoviç bəyan edib.
Aparıcı beynəlxalq hüquq müdafiə təşkilatları dekabrın 5-də Bakıda məşhur jurnalist, “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılovanın həbsini pisləyiblər. Amnesty International öz bəyanatında baş verənləri “mətbuat azadlığına ən kobud hücum” adlandırır. Xədicə İsmayılova Azərbaycanda son müstəqil səslərdən biridir. Onun həbsi jurnalisti susdurmaq cəhdlərinin son halqası oldu”, deyə təşkilatın nümayəndəsi Con Dalusen bildirib.
Özünü öldürmə həddinə çatdırma ittihamı təəcüblü və gülməli görünür, lakin o, 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər, deyə bəyanatda qeyd edilib.
Digər beynəlxalq təşkilat – Human Rights Watch da İsmayılovanın həbsini ölkənin tənqidi səslərinə ciddi zərbə hesab edir. Azərbaycan hakimiyyəti öz ünvanına tənqidin tamamilə boğulması səylərini birləşdirir, deyə HRW nümayəndəsi Georgi Nodiya bildirib.
O, həmçinin qeyd edib ki, həbs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Xədicə İsmayılovanı açıq-aşkar Azərbaycanın “maraqlarını” satmaqda ittiham edən və onu “beşinci kolonna” – xarici pullarla və Qərbin tapşırığı ilə ölkədə sabitliyi pozmaq istəyən QHT-lər siyahısına aid edən böyük məqaləsinin nəşrindən bir gün sonra baş verib.
Bir aydan çoxdur ki, beynəlxalq təşkilatlar rəsmi Bakını vətəndaş cəmiyyətini dağıtmağa son qoymağa və uydurma ittihamlarla həbs olunmuş 50-dən çox fəalı, jurnalisti və blogeri azad etməyə çağırır.
“Buna cavab olaraq hakimiyyət İsmayılovanı həbs etdi və bu, son damla olmalıdır. Qərbli tərəfdaşlar Azərbaycan hakimiyyətinə aydın şəkildə bəyan etməlidirlər ki, onlar hamısı azad edilməyənə qədər əvvəlki əlaqələr və münasibətlər olmayacaq”, deyə bəyanatda bildirilir.
“Sərhədsiz reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı adı dünyada 100 söz azadlığı müdafiəçisi siyahısına daxil edilmiş olan İsmayılovanı dərhal azad etməyə çağırıblar.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda isə bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında “Azadlıq Radiosu”na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan, X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu “Meydan TV” teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə, X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılıb.
İstintaqla həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.
Araşdırmalar zamanı X.İsmayılovanın T.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs-qətimkan tədbiri seçilib. Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.