Bu gün Ali Məhkəmənin Plenumunda Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas keçirilib. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında İ.Əliyev iştirak etməyib. Məhkəmənin qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla azadlığa buraxılıb.
İntiqam Əliyev axşam saatlarında saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Jurnalistlərə açıqlama verən İntiqam Əliyev həbsdən azad olunmağı ilə bağlı iş aparan hüquq müdafiəçilərinə, jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə minnətdarlıq edib: “İkili hisslər keçirirəm əslində. Plenumun qərarı barədə danışmaq istəməzdim. Azadlıqda olmağıma təbii ki, sevinirəm. Çünki ilin-günün bu vaxtında istirahət eləmək çöldə çalışan, ağır şəraitdə çalışan dostlarıma bir ədalətsizlik sayırdım. Ona görə də azadlığa çıxmağım o anlamda mənim üçün xoş bir şeydi. Yenidən yükün bir hissəsini çiyinlərimə götürəcəm. O biri tərəfdən həm də məyusam, çünki dostlarımın böyük bir hissəsi hələ də həbsdədir. Məmnuniyyətlə öz azadlığımı onların azadlığı ilə dəyişərdim”.
İntiqam Əliyev bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirib: “Bütövlükdə proseslər gedir. Əminəm ki, çox yaxın vaxtlarda dostlarım da çöldə olacaq. Azadlıqda olacaqlar. Çox yaxın vaxtlarda Azərbaycan da azadlıqda olacaq. Buna heç bir şübhəm yoxdur. Bu qədər repressiyalar, bu qədər basqılara baxmayaraq, Azərbaycan cəmiyyəti azadlıq, demokratiya uğrunda çalışmaqda davam edir. Bu bizə ümüd verir. Bu həm də bizə orada ümüd verirdi. Dostlarımız, əqidə yoldaşlarımız, vətəndaş cəmiyyəti, siyasi partiyalar, adi insanlardan, beynəlxalq təkilatlardan aldığımız dəstək onu göstərdi ki, bu toplumun azadlıq istəyi həddindən artıq böyükdür və onu həbslərlə, basqılarla, təzyiqlərlə boğmaq mümkün deyil. Təşəkkür edirəm hər birinizə. 1 il 8 ay həbsdə yatdım bu qədər üzülmədim. Bu gün sizi çox gözlətdim bayırda. Təşəkkür edirəm hər birinizə”.
Qeyd edək ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlamışdı.
REGİONAL İNSAN HÜQUQLARI VƏ MEDİA MƏRKƏZİ
Regional İnsan Hüquqları və Media Mərkəzi