Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği» layihəsi dörd ay müddətində icra ediləcək.
Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə ölkəmiz üçün önəmli bir məsələ ilə bağlıdır: “Layihənin məqsədi respublikamızda MHŞT üzrə yeni standarta uyğun açıqlanan illik hesabat məlumatlarının region əhalisinə çatdırılması, MHŞT-nin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün əhalinin maarifləndirilməsi və MHŞT-nin tətbiqi sahəsində vətəndaş cəmiyyəti iştirakçılığının gücləndirilməsidir. Belə ki təbii ehtiyatlar onlarla zəngin olan ölkələrə rifah və sabitlik gətirmək imkanına malikdir. Bu sahədə ictimai nəzarət hökumətləri ölkəyə məxsus neft və faydalı qazıntı sərvətlərinə görə daha hesabatlı olmağa təşviq edir. Azərbaycan da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk olkələrdən biridir. Təşəbbüsə qoşulduqdan bir il sonra ölkəmizdə İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası yaradılıb. 2005-ci ildə isə ölkəmiz MHŞT sahəsində ilk hesabatını açıqlayıb. Mədən sənayesində şəffaflığın təmini istiqamətində addımları davam etdirən Azərbaycan 2009–cu ildə “MHŞT üzrə tam hüquqlu üzv” statusu alıb. 2015-ci ildə Azərbaycanın statusu aşağı salınsa da, ölkəmiz yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqladı. Hesabatda ilk dəfə olaraq kontekstual məlumatlar, şirkətlər və sazişlər üzrə fərdi açıqlamalar toplanıb. MHŞT üzrə 2014-cü il hesabatı isə yaxın aylarda ictimaiyyətə açıqlanacaq. Amma açıqlanan hesabatlar ümumi xarakter daşıdığından onların anlaşıqlı dildə ictimaiyyətə çatdırılması, əhalinin MHŞT ilə bağlı maarifləndirilməsi vacibdir. Bu istiqamətdə əsas iş Koalisiyanın üzərinə düşsə də, son illər maliyyə çətinlikləri nəzərdə tutulan işləri tam yerinə yetirməyə imkan verməyib. Azərbaycanın statusunun bərpası üçün ölkəmiz bir sıra tədbirləri həyata keçirməli idi. Həmin tədbirlərdən biri də əhalinin MHŞT ilə bağlı məlumatlılığının artırılması və vətəndaş cəmiyyəti institutlarının regionlarda da sərbəst şəkildə tədbirlər keçirə bilmək imkanlarına malik olması idi. Bu layihə çərçivəsində keçiriləcək tədbirlər də bu məsələlərin həllinə hesablanıb».
Təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “İlk öncə MHŞT-nin mahiyyəti, vətəndaşların MHŞT ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, şirkətlərin sosial məsuliyyəti ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanacaq. Daha sonra Tərtər, Naftalan, Mingəçevir və Göygöl rayonlarının hər birində bir dəfə məlumatlandırma xarakterli seminar keçiriləcək. Hər rayonda keçiriləcək seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Seminar iştirakçılarına respublikamızda Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü üzrə yeni standarta uyğun açıqlanan illik hesabat və hesabatla haqqında rəylə bağlı məlumat çatdırılacaq. İctimaiyyətin əsas informasiyaları televeziyadan aldığını nəzərə alaraq “Kanal 13” televiziyasında (“Hüquqi işığında” verilişi) iki veriliş hazırlanaraq həm də Mingəçevir TV-də yayımlanacaq. Hesab edirik ki, region sakinlərinin MHŞT üzrə maarifləndirilməsi bu sahəyə ictimai nəzarətin artırılması ilə yanaşı, ölkəmizin qiymətləndirmə prosesindən uğurla keçməsinə töhfə verə bilər”.