Jurnalist Xədicə İsmayıl azadlığa buraxıldı

khadija ismayilBu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayıl barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb. Xədicə İsmayıl özünün prosesdə iştirakı təmin edilməyib.

Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılın cəzası şərti hesab olunub.
Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Xatırladaq ki, X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayıl apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.