Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu layihə Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Elektron xidmətlərdən istifadədə region sakinlərinə köməkliklərin göstərilməsi” adlı xidmət çərçivəsində icra edilir.
Proqram çərçivəsində Ağdam rayonunda, Ağdam Dövlət Sosial-İqtisad Kollecində təşkil olunan məlumatlandırma sessiyasında 96 nəfər iştirak edib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin ekspertləri Günay Hüseynova və Elvin Cəfərov çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov respublikamızda elektron xidmətlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyini bildirdi: “Dövlət qurumları və ictimai xidmətlər göstərən digər qurumların göstərdiyi elektron xidmətlərdən istifadə getdikcə zərurətə çevrilir. Bu səbəbdən elektron xidmətlərlə bağlı hər kəsin məlumatlı olması vacibdir. Düşünürəm ki, bu gün keçirilən tədbirdə Kollecin müəllim və tələbə heyəti elektron xidmətlərlə bağlı xeyli yeni məlumat əldə edə biləcək”.
Tədbirdə daha sonra çıxış edən Ağdam rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Anar Əsgərov elektron xidmətlərlə bağlı əhalinin məlumatlılığının artırılmasının əhəmiyyəti barədə danışıb.
Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov isə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd elektron xidmətlərlə bağlı rayon sakinlərinin məlumatlılığının artırılmasıdır: “Həmçinin, elektron xidmətlərdən istifadə etmək ehtiyacı olan insanlara texniki yardımın göstərilməsinə çalışırıq. Proqram çərçivəsində əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün təbliğat materialları da hazırlanıb. Bukletdə “Elektron hökumət” portalı, dövlət qurumları və ictimai xidmətləri yerinə yetirən digər qurumlar tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumat toplanıb. Eyni zamanda bukletdə əhalinin www.e-gov.az portalının imkanlarından necə istifadə etməklə bağlı məlumat verilib. Əhalinin elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatlılığını artırmaq üçün iki televiziya verilişi də hazırlanaraq yayımlanıb. Bu gün burada elektron xidmətlərdən istifadə imkanları ilə bağlı əlavə məlumat ala biləcəksiniz”.
Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Günay Hüseynova iştirakçılara elektron xidmətlərin üstünlükləri, “Elektron hökumət” portalı ilə bağlı məlumat verib: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. “Elektron hökumət” vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. “Elektron hökumət” portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 433 elektron xidməti mövcuddur”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Elvin Cəfərov iştirakçılara “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya (tanıma, identikləşdirmə) vasitəsi ilə bağlı məlumat verib:
“Hazırda portalda qeydiyyatdan keçmək üçün 4 autentifikasiya (tanıma, identikləşdirmə) vasitəsi təqdim edilir. İstifadəçi ona rahat olan həmin vasitələrdən birini seçməklə portala giriş edə bilər. Bunlar “E-imza” kartı, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod/parol və “Asan imza”dır. “Elektron hökumət” portalı vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Hazırda ən çox istifadə edilən xidmətlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərdir. Portalda, həmçinin arayışların elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.
Nəzəri məlumatlandırmadan sonra, “Elektron hökumət” portalı seminar iştirakçılarına praktiki olaraq göstərilib. Portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, eləcə də vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.