Regionlarda elektron xidmətlərdən istifadənin artırılmasına dəstək

Xalid Kazımov: “Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə 700-dən artıq region sakini elektron xidmətlərlə bağlı birbaşa məlumatlandırılıb”

 

yazi uchun 11Son illər respublikamızda əhaliyə göstərilən elektron xidmətlərin sayı artmaqdadır. Bu gün əhali həm dövlət qurumlarının öz internet səhifələri, həm də «Elektron hökumət» portal vasitəsi ilə elektron xidmətlərə çıxış əldə edə bilir. Hazırda əhaliyə dövlət qurumlarının saytları vasitəsi ilə 502 elektron xidmət göstərilir. Həmin xidmətlərdən 454-ü «Elektron hökumət portalı»na inteqrasiya olunub və yalnız e-gov.az saytına daxil olmaqla bu xidmətlərdən yararlanmaq olar. Amma elektron xidmətlərin sayının artırılması ilə yanaşı, göstərilən xidmətlərlə bağlı əhalinin məlumatlandırılması da önəmlidir. Son dövrlər Qeyri-Hökumət Təşkilatları da bu istiqamətdə görülən işlərə ictimai dəstək verməkdədir.

Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlardan olan Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov deyir ki, 2014-cü ildən başlayaraq əhalinin elektron xidmətlərlə bağlı məlumatlılığını artırmaq istiqamətində iş aparırlar: “Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “Elektron hökumət” vasitəsi ilə hər bir vətəndaş dövlət təşkilatları və ictimai xidmət göstərən digər qurumlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatmaq imkanlarına malikdir. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Təşkilatımız da bu istiqamətdə görülən işlərə ictimai dəstək verməyə çalışır. Əvvəllər bu istiqamətdə fəaliyyətimizə yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək verirdisə, bu il Avrasiya Əməkdaşlıq Fondu da bu fəaliyyətə dəstək verir. Təşkilatın ekspertlərinin Avrasiya Əməkdaşlıq Fondu ilə əməkdaşlığı nəticəsində elektron xidmətlərdən istifadədə çətinlik çəkən insanlara həm də birbaşa köməklik göstərməyə nail olduq. Bu ölkəmizdə rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərə əlavə dəstək olmaqla yanaşı, aztəminatlı ailələrə elektron xidmətlərdən yararlanma imkanı verdi”.

“Elektron xidmətlərdən istifadə ilə bağlı 330 nəfər region sakininə köməklik göstərilib

yazi uchun (2)X.Kazımov deyir ki, ötən müddətdə region sakinlərinin elektron xidmətlərlə bağlı məlumatlılığını artırmaq məqsədi ilə həm televiziya verilişləri, həm də sosial çarx hazırlanaraq yayımlanıb: “Avrasiya Əməkdaşlıq Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi və Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq şəraitində maarifləndirmə xarakterli 4 televiziya verilişi və bir sosial çarx hazırlanaraq yayımlanıb. Elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün hazırlanan verilişlərdə və sosial çarxda elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüyü təqdir edilir. Sosial çarxda respublikamızda ayrı-ayrı dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə əhaliyə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verilir. Elektron xidmətlərin insanlara verdiyi üstünlüklər: məmur-vətəndaş birbaşa təmaslarının aradan qaldırması, məmurların kabinetləri qarşısında saatlarla növbə gözləməmək, zamana qənaət etmək, da, bürokratik əngəllərdən xilas olmaq, daha rahat xidmət almaq praktiki olaraq təbliğ edilir.

Bundan başqa regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə birbaşa köməklik göstərilib. Ölkəmizdə əhaliyə göstərilən elektron xidmətlər və onlardan istifadə ilə bağlı məlumatların toplandığı buklet hazırlanaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Yevlax, Ağdaş, Tərtər və Ağcabədi rayonlarından olan 2700-dən çox sakinə paylanılmaqla onlar bu sahədə məlumatlandırılıb. Həmin rayonlarda keçirilən məlumatlandırma sessiyasında isə 450-dən artıq region sakini iştirak edib. Məlumatlandırma sessiyalarından sonra 123 nəfərə “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifrə verilməsi həyata keçirilib. Bərdə və Ağdam rayonlarında təşkil olunan xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə ilə bağlı 330 nəfər region sakininə köməklik göstərilib. Bütün bu işlərin görülməsində əsas məqsədimiz ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək verməkdir”.

“Əhalinin elektron xidmətlərlə bağlı məlumatlandırılması sahəsində vətəndaş cəmiyyəti institutlarının da fəaliyyəti təqdir olunur”

e-hokNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildirdilər ki, “Elektron hökumət” mövcud sosial xidmətlərin elektronlaşdırılmasına nəzarət edən və bu xidmətləri vətəndaşlara “bir pəncərə” prinsipi üzrə vahid portalda təqdim edən geniş platformadır: “Portala 2016-cı ildə 20, 2017-ci ildə isə 36 elektron xidmət əlavə edilərək xidmətlərin sayı 454-ə çatdırılıb. “Elektron hökumət” portalının mobil versiyasında xidmətlərin sayı 12–dən 25-ə çatdırılıb. Portal üzərindən təqdim olunan elektron arayışlar bu gün mahiyyət etibarı ilə ən aktual, ən çox istifadə olunan elektron xidmətlərdir. Hazırda portal üzərindən 17 arayışı elektron almaq mümkündür. Portalda olan e-xidmətlərin optimallaşdırılması və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədi ilə mütəmadi olaraq monitorinqlər aparılır, xidmətlər test olunaraq işlək olub-olmaması müəyyən edilir və yaranan nasazlıqların səbəbinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Yeni e-xidmətlərin və informasiya sistemlərinin portala inteqrasiya olunması üçün müntəzəm olaraq dövlət orqanlarına rəsmi müraciətlər ünvanlandırılır. Ümumilikdə, 42 qurum üzrə 91 dövlət informasiya ehtiyatı və 147 qurum üzrə 177 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb və onlara dövlət Reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin, Yeni Nəsil Şəxsiyyət Vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün yeni sertifikat xidmət mərkəzinin yaradılması layihəsi çərçivəsində “Microsoft” şirkəti ilə müqavilə bağlanılıb, avadanlıqlar alınıb”. Mərkəzdən, həmçinin bildirdilər ki, 2017-ci ilin sentyabr ayının 1-nə qədər dövlət qurumları üzrə 71.256, hüquqi şəxslər üzrə 24.182 və fiziki şəxslər üzrə 21.370 olmaqla ümumilikdə 116.808 elektron imza sertifikatı istifadəyə verilib: “Elektron imza sertifikatlarının dövlətlər arasında tanınması, ölkəmizdə ”Çarpaz sertifikatlaşdırma” mərkəzin qurulması üçün ”Microsoft” şirkəti ilə danışıqlar aparılır. Elektron imza sertifikatının beynəlxalq səviyyədə tanınması sahibkarlıq fəaliyyətinin və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə şərait yaratmaqla iqtisadiyyatımızın inkşafına tövhə verəcəkdir. İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri eləcə də elektron xidmətlər, elektron imza, haqqında məlumatları ictimaiyyətə çatdırmaq məqsədilə “Elektron hökumət” bülleteni çap edilərək paylanılır. “Elektron hökumət” portalı, Elektron imzanın təbliği və Elektron imzadan istifadə qaydalarıın təbliği məqsədilə ali təhsil ocaqlarında, dövlət qurumlarında, həmçinin müxtəlif regionlarda o cümlədən sərhədyanı bölgələrdə seminarlar təşkil edilərək təlimlər keçirilib. Bu sahədə vətəndaş cəmiyyəti institutlarının da fəaliyyəti təqdir olunur”.

“Əhaliyə göstərilən elektron xidmətlərin sayı getdikcə artır”

Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyir ki, respublikamızda elektron xidmətlərin tətbiqi üçün uzun illərdir tədbirlər həyata keçirilir: “2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” imzalandıqdan sonra bu istiqamətdə real tədbirlərin həyata keçirilməsinə başlanılıb. “Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət alıb. Daha sonra 2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq işlər davam etdirilib. Bundan başqa qəbul edilən “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” çərçivəsində xeyli iş görülüb. Hazırda isə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində tədbirlər davam etdirilməkdədir. Görülən bu tədbirlər nəticəsində dövlət orqanları və ictimai funksiya yerinə yetirən qurumlar tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin sayı getdikcə artır”.