Regional İnsan Hüquqları və Media Mərkəzi Ağcabədi rayonunda növbəti məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Ağcabədi Pedoqoji Kollecində keçirilən maarifləndirmə xarakterli tədbirin məqsədi Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün tətbiqi prosesi, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının sadə dillə və anlaşıqlı şəkildə tələbələrə çatdırılması idi. Tədbirdə Ağcabədi Pedoqoji Kollecinin 54 tələbəsi iştirak edib.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüsalə Məmmədova, Ağcabədi Pedoqoji Kollecinin direktor müavini Rövşən Bayramov hasilat sənayesində şəffaflığın təmin olunması üçün əhalinin maarifləndirilməsinin əhəmiyyətli olduğunu bildirdi.
Daha sonra tədbirdə çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, Hasilat Sənayesində Şəffaflıq prinsiplərinin təbliği, HSŞ hesabatı barədə məlumatların regionda təhsil alan tələbələrə çatdırılması vacibdir: “Uzun illər neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub. Bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmini məqsədi ilə 2002-ci ildə yeni təşəbbüs irəli sürülüb. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunan qlobal standartdır. Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olmaqla yanaşı, həm də 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın (Sidney 2013) tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci il martın 8-9-da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında isə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan edib”.
X.Kazımovun sözlərinə görə, Azərbaycan eyni zamanda bəyan edib ki, MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir: “Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.
Tədbirdə məruzə ilə çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı Azər Mehtiyev Azərbaycanın 2004-cü ildən başlayaraq hər il MHŞT üzrə hesabat açıqladığını bildirib: “2013-cü ildə Sidneydə keçirilən MHŞT üzrə 6-cı Beynəlxalq Konfransda MHŞT üzrə yeni Standart qəbul edilib. MHŞT Standartı əhaliyə daha etibarlı, münasib və lazımlı informasiyanın çatdırılmasını həvəsləndirib, daha genişmiqyaslı islahatlar üçün zəmin yaradıb. Standarta daxil edilən bəndlər MHŞT hesabatlarını əhali üçün daha anlaşıqlı etməklə hökumət və şirkətlər tərəfindən təsdiq edilən rəqəmlərin etibarlılığını təmin etməyə, mineral ehtiyatlardan daxil olan gəlirlərin şəffaflığının daha da artırılmasına xidmət edir”.
“Azərbaycan 2013, 2014 və 2015-ci illər üzrə hesabatını MHŞT Standartın tələbinə uyğun hazırlayıb. Ölkə MHŞT-ni tərk etsə də, Standartın tələblərinə uyğun hesabat açıqlamağa davam edir. 2016-cı il üzrə HSŞ hesabatında Hasilatın Pay Bölgüsü sazişi barədə, eləcə də SOCAR-ın sosial xərcləri barədə məlumatlar genişləndirilib. Artıq hesabat çap edilərək ictimaiyyətə təqdim olunub”,- deyə ekspert qeyd edib.
Məruzəçi daha sonra tədbir iştirakçılarına HSŞ-nin mahiyyəti, vətəndaşların HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar barədə məlumat verib.
Neftlə zəngin ölkələrin təbii sərvətlərdən səmərəsiz istifadəsi nəticəsində düşdüyü ağır durumu xatırladan ekspert Azərbaycanın açıqladığı 2016-cı il üzrə HSŞ hesabatında əks olunan məlumatları tələbələrin də öyrənməsinin ictimai nəzarətin təmin olunması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Sonda isə tədbir iştirakçılarının sualları cavablandırılıb.