Tələbələr Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü ilə bağlı məlumatlandırılıb

Berde (1)Regional İnsan Hüquqları və Media Mərkəzi Bərdə rayonunda növbəti məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə kollecin 64 tələbəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor müavini Xosrov Musayev bildirib ki, keçirilən tədbir iqtisadi sahə üzrə təhsil alan tələbələr üçün əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatında neft sahəsinin xüsusi rola malik olduğunu vurğulayan Xosrov Musayev qeyd edib ki, şəffaflığın təmini üçün əldə olunan gəlirlərlə bağlı əhalinin məlumatlandırılması vacibdir.

Berde (5)

Daha sonra çıxış edən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün tətbiqi prosesi, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə illik hesabat məlumatlarının sadə dillə və anlaşıqlı şəkildə tələbələrə çatdırılmasıdır.

Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan ilk ölkə olduğunu vurğulayan təşkilat rəhbəri ölkəmizin bu beynəlxalq təşəbbüsə qoşulduğu dövrdən indiyədək ardıcıl hesabatlar açıqladığını bildirib: “2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. Amma 2017-ci ildə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olundu. Bu qərardan sonra Azərbaycan hökuməti ölkənin MHŞT-ni tərk etdiyini bəyan edib. Azərbaycan eyni zamanda bəyan edib ki, MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir”.

Berde (4)

Tədbirdə məruzə ilə çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı Azər Mehtiyev bildirib ki, 2004-cü ildən  başlayaraq hər il MHŞT üzrə hesabat açıqlayan Azərbaycan 2013, 2014 və 2015-ci illər üzrə hesabatını yeni MHŞT Standartının tələbinə uyğun hazırlayıb: “Ölkə MHŞT-ni tərk etsə də, Standartın tələblərinə uyğun hesabat açıqlamağa davam edir. 2016-cı il üzrə HSŞ hesabatında Hasilatın Pay Bölgüsü sazişi barədə, eləcə də SOCAR-ın sosial xərcləri barədə məlumatlar genişləndirilib. Artıq hesabat çap edilərək ictimaiyyətə təqdim olunub. Açıqlanan 2016-cı il üzrə HSŞ hesabatı əvvəliki illərə nisbətən daha əhatəli olsa da, çatışmamazlıqlar da var. Hesabatda olan çatışmamazlıqların aradan qaldırılması ilə bağlı vətəndaş cəmiyyəti institutlarının vəekspertlərin rəyləri də hesabatda dərc edilib”.

Berde (2)

Məruzəçi daha sonra tədbir iştirakçılarına HSŞ-nin mahiyyəti, vətəndaşların HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar barədə məlumat verib.

Azərbaycanın açıqladığı 2016-cı il üzrə HSŞ hesabatında əks olunan məlumatları tələbələrin də öyrənməsinin ictimai nəzarətin təmin olunması baxımından əhəmiyyətli olduğunu qeyd edən ekspert bu sahə ilə bağlı məlumatların toplandığı onlayn resurslarla tələbələri əyani şəkildə tanış edib.

Sonda isə tələbələrin sualları cavablandırılıb.