Ötən 28 ildə dəfələrlə getmişdim… Bəlkə də hər gün.. Bəlkə də gündə bir neçə dəfə… Yaddan çıxacağından qorxurdum, uşaq vaxtı gəzdiyim, yıxıldığım, yaddaşımdan çıxmasından qorxduğum qayğısız uşaqlıq illərinin xatirələrinin olduğu doğma yerlərimin. Hər il Novruz bayramında yandırmaq üçün martın əvvəlində Zəyin düzünə ardıc, gəvən toplamağa, apreldə Barmaqlardan çaşır yığmağa, mayda Keçiqalandan almaçiçəyi, gülgəz, maralotu yığmağa, iyunda Güzdəkli yal meşəsindən moruq, meşəçiyələyi toplamağa, iyulda Yemişgələndən əvəlik, baldırğan yığmağa gedirdim. Hərdən velosipedlə bütün BAŞLIBELİ dolaşırdım.
Xəyalən…
Evimizə gedərək dəfələrlə şəkil albomlarımızın olduğu yerə, pəncərənin qarşısına qoyduğum sevimli maqnitafonumun yerində olub olmadığını yoxlayırdım.
Yuxularımda…
O qədər ehtiyacını hiss etmişdim ki, o maqnitafona, məcburi köçkün olarkən televizor, radiosuz qaldığımız zamanlarda. 1992-ci ildə Azərbaycan ordusunun torpaqlarımızı kənd-kənd azad etdiyi xəbərlərini hər dəfə Şəmistan Əlizamanlının dilindən maşının radiosundan eşidəndən sonra o maqnitafonda şən musiqiləri dinləməyin bir ayrı ləzzəti qalmışdı xatirəmdə. Amma…
Maşındakı radionu yalnız hər saatın ilk 1-2 dəqiqəsini dinləmək olardı, çox işlətmək olmazdı, maşının akkumulyatoru “ölərdi”. Maqnitafon isə 1991-ci ildən sonra bizim yeganə dostumuz idi. Mühasirə şəraitində yaşayan Başlıbeldə elektrik olmadığından yalnız radio və maqnitafon dinləyə bilirdik. Hətta bir neçə dəfə Fərmayılın (Fərmayıl kəndimizdən olan hərbçi idi. 1993-cü ilin 31 martında kəndin aşağı hissəsindən ermənilərin gələcəyini dedikləri üçün, kəndin mərkəzinə – nənəmgilə getmişdik. Orada eşitdim ki, səhər tezdən kəndi tərk etməliyik. Evimizə gedib maqnitafonumu götürmək istəyəndə alnına qara lent bağlayan saqqallı bir əsgər – Fərmayıl heç kimi kəndin aşağı hissəsinə buraxmadıqlarını dedi. Kənardan qaçmaq istəyəndə hətta avtomatı şaqqıldadıb üstümə tərəf gəldi) gözündən yayınıb gedib maqnitafonu götürdüyümü yuxumda görmüşdüm.
İndi 28 il, 5 ay 2 gündən sonra xəyallarda getdiyim o yerlərə canlı gedirdim. Uşaqlığı olmayan bizim nəslin canlı olmağının yeganə göstəricisi nəfəs alıb-verməkdir, deyəsən. 28 illik xəyalarımı, yuxularımı düşünürdüm Murov dağının dolaylarını maşında qalxarkən.
Bir neçə dəfə dayanıb bizdən arxada gələn “Navara”nı gözləməli olurduq. Dünya brendi olan “Nissan”ın sentyabr ayında getməyə çətinlik çəkdiyi yolları 2 metrdən artıq tarın, üzümüzə vuran qarlı çovğunun altında piyada getdiyimiz günləri xatırlayırdım gözləyərkən.
Fikirləşirdim ki, hətta 14 yaşında 4 gün ac-susuz yol gələn uşağın gücü, 190 at gücündən çox imiş. 1993-cü ilin aprel çovğununda Murovu qalxarkən bizə deyilənlər də indiyədək xatırəmdədir. Çovğunda yolu qalxa bilməyəndə hər dolayı gedərkən bizə vəd verilirdi ki, sonuncudur, Murovu o tərəfə – Göygöl istiqamətə aşan kimi hər şey bitəcək. Nə çovğun olacaq, nə ətrafımıza düşən mərmilər. Amma Murovun dolayları bitmirdi. Az qala bir sutkamızı almışdı o dolayları aşmaq.
Toğanadan çıxandan sonra Murovda dumana düşürük. Təxminən 5-6 dolayı qalxandan sonra artıq duman bizdən aşağıdadır. Nə gözəl mənzərədir… 1993-cü ildə piyada keçdiyim, uşaqlıq düşüncəmdə nağıllardakı insanyeyən div kimi qalan Murov dağını dumanın üstünə düşən günəş şüaları necə möhtəşəm göstərirdi. Murovu da 44 günlük qələbə, bu qələbənin qazanılmasında qəhrəmanlıq göstərib canını qurban verən əsgərlərimizin məğrurluğu dəyişib, yəqin. Yoxsa elə həmin Murov olaraq qalacaqdı, Başlıbeldən Şövqünü, Habili, Elşadı, Tahiri öz qarında donduran, Bəhməni div kimi udan.
Təxminən 2 saat yolçuluqdan sonra Qamışlıya çatırıq. Amma hər kəsin maraqla qarşıladığı Qamışlı qayalıqları, sovet dövründə Azərbaycanda olan yeganə tunel, tuneldən çıxanda açılan mənzərə, çayın şırıltısı da mənə heç nə demirdi. Başlıbelə daha tez çatmaq, kəndimizi görmək istəyirdim. Başlıbelə aparan yollar isə qoyub getdiyimizdən heç nə qalmayacağını göstərirdi. Bəylik kəndindən sonra Başlıbelə cəmi 12 kilometr yol var. Getmək üçün 2.5 saat zaman sərf etməli olacayıq.
Körpülər dağılmış, qayalar uçmuş, yollar keçilməz olmuşdu. Sanki bizim qoruya bilməyib tərk etdiyimiz kəndimizi təbiət qorumaq istəmişdi: yola tökdüyü qayalar, sellə uçurduğu yollar, hər tərəfdən yola doğru yönəltdiyi böyük ağaclarla. Bir maşının güclə keçəcəyi yolda maşın daşa toxunsa, sıldırım qayalar oynayıb üstümüzə töküləcəkdi.
Amma qorxulu deyildi mənimçün.
Nə fərqi, zatən 28 il öncə yurdumuzu tərk etməklə o daşı özümüz öz başımıza salmışdıq: qonşunun yazığı gəlib verdiyi stəkanda çay içərkən, sinif yoldaşlarının sənin də şahidi olduğun pul toplamaqla aldığı dəftərdə yazı yazarkən, Başlıbeldəki qayğısız həyatını Bərdənin pambıq tarlalarına dəyişərkən, pambıq alağında qürurun kimi əyilən belini azacıq düzəltmək istərkən çəkdiyin ağrını hiss edərkən, pambıq yığmaq üçün əl atdığın hər pambıq qozasının tikanları dırnaqlarına dolarkən bir daş daha düşmüşdü üstümüzə. Məcburi köçkün adının ağırlığını 27 il 7 ay 25 gün yaşayan insana “Parağın dalın”dakı qayadan qopan bir daş neyləyəcəkdi ki…
Bəylikdən-Başlıbelə qədər olan 12 kilometrlik yol boyu 9 yerdə çayı keçməli oluruq. Bu yol təxminən 2 saat 20 dəqiqə vaxtımızı alır. Zəyin düzünə çatanda Başlıbeldə nə ilə qarşılaşacağımı daha aydın anladım.
Çay yatağını dəyişmiş, yolları sel yumuş, hətta Dərin dərədən bir dərinlik qalmamışdı. Turş su bulağı yolun içinə sızsa da, özü yox idi. Sakinsiz Başlıbelin adının olub, özünün olmadığı kimi…
Sürücüdən xahiş edirəm, bir qədər tez sürsün, “Navara” çatana qədər bəlkə evimizə baş çəkim. Məndən öncə Başlıbelə gedən həmkəndlilərim evimizin şəklini çəkmişdi. 21 il xəyalımda, 2014-cü ildə rusiyalı turistlərin çəkdiyi şəkillə 7 il kömpüterimin iş masasında olan evimizi görürdüm artıq…
Ondan sonra 2 evimiz olub. Amma nə qədər doğma, nə qədər əziz, nə qədər ifadə edilməyəcək hisslər bağlayır məni bu evə. Bilmirəm uşaqlığını yaşadığı evi tərk edən hər kəsdə bu hiss olur, yoxsa uzun illərin həsrəti bu qədər doğmalaşdırıb bu evi mənə. Yenidən görərəmsə, qaça-qaça çıxacağımı illərlə düşündüyüm yoxuşu güclə qalxıram. Ürəyimin döyüntüsünü beynimdə eşidirəm. Hıçqırıq boğur. Bir həyat qaynayan evin həyətinin otları saralmış, ağacları qurumuş, yeganə ayaqda qalmağı bacaran alma ağacının meyvəsi cırlaşmışdı. Bulağa tərəf baxmadan evə getmək istəyirəm. Hələ ümidim var bulağımızın qurumadığına. Ağ suvaq evin divarlarını uçmağa qoymasa da, düşmənin yandırdığı evin iç divarları qaralıb. Uşaqlıqdan xatirə axtarıram. 3 dəmir çarpayı biz qoyduğumuz yerdədir. Bunu görüb bəlkə bir uşaqlıq xatirəsini tapacağıma sevinirəm. Amma… nə şəkillərdən, nə maqnitafondan, nə də digər əşyalardan əsər-əlamət qalıb. Nəinki evimiz, həyətdəki evciyimiz da dağılıb. Sökülüb, yandırılıb viran edilən evin içində bir neçə əşyadan başqa heç nə yoxdur.
Bulağa tərəf gedirəm. Suyu quruyub, rəzil düşmən isə bulağın krantını, hamamın dəmir turbalarını belə söküb aparıb.
Artıq “Navara” çatmışdı. Yola enib kəndin mərkəzinə gedirik. Amma bu yollar da məni 9 il məktəbə aparan yollar deyil. Bizim yaşadığımız vaxta nisbətən 2 dəfəyədək azalan çay sakinsiz Başlıbelin yollarını rahat dağıtmağı bacarıb…
Kahanın başına çətinliklə qalxırıq. Artıq “Niva” da yorulub. İndi biz maşını itələyib dağ yolunu qaldırırıq. Yolda oradan yenicə keçən ayının izi var. Yol boyu bir yerdə sərçə belə görmədiyim kəndimizdə ayı. Uşaqlıqda heç zaman ayı görməzdim Başlıbeldə. Demək, təkcə Qarabağa soxulmayıb ayı, həm də Başlıbelə gəlib.
Günortaya yaxın “Portda” kahalarında şəhidlərimizin qəbri qazılır. Erməni qaniçənləri tərəfindən qətlə yetirilən 10 nəfər Başlıbel sakini, laçınlı Əhliman kişi və zərdablı Vüqarı 28 il öncə mühasirədə qalan həmyerlilərimizin dəfn etdikləri məzarlıqda dəfn edəcəyik. Qayalıq ərazidəki 12 məzarı əsgərlərlə birgə Başlıbel sakinləri dəmir lom, bel, külünglə 2 saatdan artıq vaxta qazır. Hansı ki Başlıbel qətliamında atası, 2 qardaşı, 1 bacısını itirən, özü 2 azyaşlı uşağı və həyat yoldaşı ilə 113 gün mühasirədə qalan, Başlıbelin azadlığını görüb, Başlıbeli görməyə ömrü vəfa etməyən Xasay Əmralıyevlə Hümbət kişi o məzardan 5-ni qətliamdan 24 gün sonra bir gecədə bir bellə qazıb 5 nəfəri dəfn etmişdi. Qalan 7 nəfəri də Başlıbeldə mühasirədə qalan insanlar hansı əziyyətlə dəfn etmişdilər, bir Allah bilir.
Məzarlardan birinin qazılmasında təsadüfən daha çox işlədim. Dəfn zamanı məlum oldu ki, Başlıbeldə “Yetim Gülara” dediyimiz Gülara Cəfərovanın məzarı imiş. Başlıbelin əminamanlıq zamanında hər qış bir neçə dəfə odun apardığım, özünəməxsus ləhcəsi ilə mənə dua edən Gülara nənəni bu dəfə torpağa tapşırmaq mənə nəsib oldu. Tabutun üstündəki bayrağı da mənə verdilər.
Saxlayıram.
Başlıbel yenidən qurulduğunu görsəm, onun balaca komasının üzərində asacam. Ruhları şad olsun.
Hələ də dəfn yeri bilinməyən 12 nəfər Başlıbel sakinini də tapılıb İslam adəti ilə dəfn etmək gözü yolda qalan yaxınlarına nəsib olsun.
Axşam düşür. Başlıbelə gedən qrup kəndin mərkəzində toplanarkən vaxtdan istifadə edib yaxınlarımın məzarını ziyarət edirəm. Yalnız Qoca əmimin baş daşı yerindədir. İkinci Dünya Müharibəsi veteranı olan Qoca əmimin məzar daşındakı şəklini düşmən güllələrlə deşik-deşik edib. Qəbri isə dağıdıb içərisini eşiblər. Lazım babamın məzar daşı iki yerdən sındırılıb. Seyidağa baba, Qızyetər nənə, Xəlil əmi, Çiçək mamanın məzarını tapa bilirəm. 1956-cı ildə dünyasını dəyişən Səkinə nənəmin məzarını isə dağıdılmış məzarlıqda güclə tapıb ziyarət edə bilirəm. Amma əksər mazarları göreşənlər kənardan dağıdaraq eşıblər. Deyilənə görə, xüsusi avadanlıqlarla yoxlayıb qızıl olması ehtimal olunan mazarlar olub icərisinə girdikləri məzarlar.
44 günlük Vətən Müharibəsində qəhrəmanlıq döyüşüb şəhid olan polkovnik-leytenant Zaur Cəfərovun böyüdüyü evə baş çəkib axşam saat 6-da Başlıbeli tərk edirik, üzü Toğanaya doğru. Yenidən 5 saatlıq çətin yolçuluq, Murovun qatı dumanı bizi gözləyir.
Sabah yenidən 10 saatı yolda keçirib Başlıbeldə İTV-nin çəkiliş qrupu ilə 5 saatlıq çəkiliş aparacayıq. Mən isə saf suları ilə məşhur olan Başlıbeldə bir bulaq axtaracam apardığım 2 litrlik su qabını doldurub valideynlərimə gətirmək üçün. Amma tapa bilmədim. Kəndin içərisindəki bəzi bulaqları kol-kos itirib, bəzi bulaqların isə suyu quruyub bizim həyətdəki bulaq kimi. Başlıbeli susuz tərk edirəm. Ancaq tərk edərkən yenə gözlərimin suyunu saxlaya bilmirəm….
P.S. Ali məktəbdə sevimli müəllimimiz rəhmətlik Mürsəl müəllim həmişə deyərdi ki, ülvi hissləri sözlə ifadə etmək olmur. Başlıbeldən 05 sentyabrda gəldim, dəfələrlə cəhd etsəm də, heç nə yaza bilmirdim. Bir qədər uzun yazdım, üzrlü sayın. Amma yenə hiss etdiklərimi yaza bilmədim.
“Başlıbel faciəsi”nin qurbanlarının xatirəsinin anılması üçün günlərlə əziyyət çəkən, Vüsalə xanım, Tahirə xanım, Vüsal bəy, Namiq bəy, Elmir bəy, Arif bəyə və İTV-nin çəkiliş qrupunun bütün üzvlərinə sonsuz təşəkkürlər.