“5 ay müddətində regionlarda 221 nəfər aztəminatlı şəxsə hüquqi konsultasiya xidməti göstərilib. 17 nəfərin məhkəmədə müdafiəsi həyata keçirib”. Bunu hüquq müdafiəçisi Xalid Kazımov bildirib.
X.Kazımovun sözlərinə görə, müraciət edənlərdən 41 nəfəri müharibədən zərər çəkən şəxslər olub: “Müraciətlər daha çox onlayn vasitələrlə qəbul olunub. 2022-ci ilin oktyabrından başlayan ödənişsiz hüquqi yardım xidməti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində dəstəklənib. Məcburi köçkün və digər aztəminatlı şəxslərin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün müvafiq addımlar atılıb. Hüquqi yardıma ehtiyacı olanlar “qaynar xətt” (0702902299) xidməti, e-mail (huqugiyardim@gmail.com), “Facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz), “WhatsApp” hesabı vasitəsi ilə müraciət edə biliblər. Fəaliyyət üç istiqamətdə həyata keçirilib. Xidmətin ilk istiqaməti kimi hüquqi yardıma ehtiyacı olan məcburi köçkünlər, o cümlədən digər aztəminatlı ailələrə hüquqi konsultasiya xidməti göstərib. Onlayn hüquqi xidmət almaq üçün müraciət edənlər daha çox qadınlar olub. Müraciətlər əsasən məcburi köçkün kimi yaşayış yeri ilə təmin olunması, aliment borcunun ödənilməməsi, əlilliyə və sağlamlıq imkanının məhdudluğuna görə təyin edilən təqaüdün dayandırılması, əmək, sosial, səhiyyə, təhsil, vərəsəlik, mülkiyyət hüququ pozuntuları, elektron məhkəmə sistemindən istifadə ilə bağlı olub”.
X.Kazımov qeyd edib ki, vətəndaşların hüquqlarının bərpası istiqamətində zərurət yarandıqda məhkəməyə də müraciət edilib: “Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apelyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilib. Ötən müddət ərzində 17 nəfərin hüquqi problemlərinin həlli ilə bağlı məhkəmələrə müraciət edilib”.
X.Kazımovun sözlərinə görə, xidmətin üçüncü istiqaməti kimi region sakinlərinin qarşılaşdıqları hüquqi problemlərin həlli ilə bağlı maarifləndirmə işinin aparılması olub: “Bu məqsədlə əhalinin daha çox rastlaşdıqları hüquqi problemlərin həlli ilə bağlı hüquqşünasın izahatı olan videolar çəkilərək “youtube” səhifəsinə – https://www.youtube.com/@pulsuzhuquqiyardm8641 yerləşdirilib. Videolar eyni zamanda “Kanal13” İnternet televiziyasında yayımlanıb. İndiyədək 11 video çəkilərək yayımlanıb. Vətəndaşlar onları narahat edən hüquqi problemlərlə bağlı həmin videoların altında şərh bölməsi vasitəsi ilə də müraciət edə bilərlər. Bu şəkildə videoizahatların verilməsi daha çox insan üçün əlçatanlığın təmin edilməsi ilə bağlıdır”.