“Regional İnsan Hüquqları və Media Mərkəzinin 2019-cu ilin martından başladığı aztəminatlı region sakinlərinə hüquqi yardım göstərilməsi fəaliyyəti qarşıdakı aylarda da davam etdiriləcək”.
Bu barədə məlumat verən təşkilatın sədri Xalid Kazımov bildirib ki, fəaliyyət əsasən Bərdə, Ağdam, Tərtər, Gəncə, Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisini əhatə edəcək: “Bərdə rayonundakı ofisdə ehtiyacı olanlara pulsuz hüquqi xidmət göstərilir. Eyni zamanda icrasına başladığımız xidmətdən yararlanmaq üçün digər regionlardan olan vətəndaşlar onlayn qaydada müraciət edə bilərlər. Bütün müraciətlər qəbul edilib hüquqşünasa yönləndirilir və vətəndaş ən qısa zamanda hüquqi konsultasiya xidməti ilə təmin olunur. Hazırda ödənişsiz hüquqi yardım xidməti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində dəstəklənir. Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün müvafiq addımlar atılıb. Hüquqi yardıma ehtiyacı olanlar “qaynar xətt” (0702902299) xidməti, e-mail (huqugiyardim@gmail.com), “Facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz), “WhatsApp” hesabı vasitəsi ilə müraciət edə bilərlər. Hər hansı bir əlaqə vasitəsi ilə müraciət edən şəxslərə hüquqi məsləhət verilir, ərizə, şikayət və müraciətləri hazırlanır. Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilir. Hazırlanan sənədlər birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılır. Hesab edirik ki, bu fəaliyyət əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin yaxşılaşdırılması, müxtəlif sahələrdə vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edilməsi, əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarının hüquqi yardıma çatımlılığının artırılmasına imkan verəcək”.