Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əziz Orucova hökm oxunub. “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 6 il azadlıqdan məhrum edilib.
Əziz Orucovun vəkili Elçin Sadıqov jurnalistlərə bidirib ki, müdafiə tərəfi qərardan razı deyil və apellyasiya verəcəklər.
Dövlət ittihamçısı çıxışında cənab Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Əziz Orucova ilk dəfə 2 mayda Nəsimi Rayon Məhkəməsi tərəfindən “polisə müqavimət” maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Avqustun 29-u bu müddət daha üç ay uzadılıb.
Elçin Sadıqov həmçinin iddia edib ki, Əziz Orucovun işi 2014-cü ildə QHT rəhbərlərinə qarşı açılan işlə əlaqədərdir. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Əziz Orucov isə ittihamları qəbul etmir.
VİDEO: https://www.youtube.com/watch?v=ddOHouOO0AI