Bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür

Bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür. 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçib, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra beynəlxalq konvensiyalara qoşulub.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.