Regional İnsan Hüquqları və Media Mərkəzinin icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi yekunlaşıb. Bu barədə məlumat verən təşkilatın rəhbəri Xalid Kazımov bildirib ki, layihə çərçivəsində Tərtər, Ağcabədi, Ağdam, Naftalan və Goranboy rayonunda hüquqi konsultasiya xidmətinə ehtiyacı olan vətəndaşlarla görüş təşkil olunub: “Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilib. 10 ay müddətində icra edilən layihənin məqsədi müharibədən zərərçəkən şəxslərə və hüquqi xidmət almaq imkanı olmayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək olub. Tərtər, Ağcabədi, Ağdam, Naftalan və Goranboy rayonunda keçirilən görüşlərdə vətəndaşlar ümumilikdə və fərdi qaydada qəbul edilib. Eyni zamanda vətəndaşlar təşkilatın Bərdə rayonundakı ofisində də qəbul edilib. Bundan başqa aztəminatlı region sakinlərinə onlayn formada da hüquqi konsultasiya xidməti göstərilib. Bundan əlavə, aztəminatlı şəxslər “Qaynar xətt” (+994702902299) xidməti, “facebook” (https://www.facebook.com/huquqi.yardim.37), “instagram” (https://www.instagram.com/huquqiyardim_pulsuz/) və “WhatsApp” (+994702902299) vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biliblər”.
X.Kazımov bildirib ki, layihə çərçivəsində 353 nəfərə hüquqi konsultasiya xidməti göstərilib: “Bundan başqa 40 nəfərin məhkəmədə müdafiəsi üçün tələb olunan iddia ərizəsi, apellyasiya şikayəti yazılıb. Həmçinin vətəndaşların daha çox müraciət etdiyi mövzularla bağlı hüquqşünasın videoizahatı olan 20 video çəkilərək “Youtube” səhifəsinə yerləşdirilib. Həmin videoizahatlardan layihə bitdikdən sonra da ehtiyacı olanlar faydalana biləcəklər”.