Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi çərçivəsində məhkəmə qərarlarının icra edilməməsi probleminin həlli ilə bağlı təkliflər hazırlayıb. Təkliflər hazırlanarkən aşağıdakı mənbələrdən alınan informasiyalar və layihənin icrası müddətində vətəndaşların qarşılaşdıqları problemlərlə bağlı etdikləri müraciətlərin təhlilinə əsasən hazırlanıb:
– Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi İcra Baş İdarəsi, Ali Məhkəmə və Daxili İşlər Nazirliyinin internet resurslarında yerləşdirilən açıq informasiyalar;
– Problemin həlli ilə bağlı ekspert rəyləri;
– Alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsinin vətəndaşa yaratdığı problemin qiymətləndirilməsi üçün bu problemlə qarşlılaşan vətəndaşlarla söhbət.
Layihə çərçivəsində aparılan araşdırma nəticəsində məhkəmə qərarlarının icra edilməməsinin səbəbləri aşağıdakı kimi müəyyənləşdirilib:
– Tələbkarların üzərinə düşən öhdəliyi yerinə yetirmək istəməməsi;
– Ədliyyə Nazirliyi İcra Baş İdarəsi və bu quruma tabe yerli icra şöbələrinin öz işini doğru icra etməməsi;
– Bir icra məmurunun icraatında olan icra işlərinin statistikasının dəqiq aparılmaması;
– Bir icra məmurunun üzərinə düşən faktiki iş yükünün bir nəfərin icra edə biləcəyi normal iş yükündən 2 dəfəyədək çox olması;
– İcra məmurlarının əmək haqlarının iş yükünə uyğun olmaması;
– Məhkəmə qərarlarının icrası zamanı korrupsiya risklərinin mövcudluğu;
– Aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarının sayının ildən-ilə artması;
– Aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarını icra edəcək şəxslərin işsiz olması.
Məhkəmə qərarlarının icrası probleminin həlli üçün aşağıdakı addımların atılması təklif olunur:
1) Məhkəmə qərarlarının icrası üçün icra qurumunun vətəndaş cəmiyyəti institutları və məhkəmə qərarlarının tərəfləri ilə mütəmadi işləməsinə ehtiyac var. Mövcud problemlərin müəyyənləşdirilməsi, problemlərin dövlət qurumuna çatdırılması və ictimai nəzarətin təmini üçün belə müzakirələrin keçirilməsi vacibdir;
2) Yeni “İcra Məcəlləsi” layihəsinin təkmiləşdirilərək qəbul edilməsi və qısa zamanda icrasının təmin edilməsi müsbət olardı. Çox mühüm yenilikləri özündə əks etdirən yeni “İcra Məcəlləsi”nin ictimai müzakirəsinin keçirilməsi və qəbulu tezləşdirilməlidir. Yeni “İcra Məcəlləsi”nin ictimai müzakirədən sonra qəbul edilməsi ilə məhkəmə qərarlarının icrasında müsbət dəyişiklik olacağı gözlənilir;
3) Özəl icra qurumlarının yaradılması tezləşdirilməlidir. Özəl icra qurumlarının fəaliyyəti beynəlxalq təcrübədə müsbət nəticə verib. Özəl icra qurumlarının fəaliyyəti həm məhkəmə icraçılarının üzərinə düşən iş yükünü azaldar, həm də bu sahədəki korrupsiya riskini azalda bilər;
4) Axtarışda olan borcluların ölkə hüdudlarından kənara çıxmaması üçün nəzarət tədbirləri gücləndirilməlidir. 2016-cı ilədək sərhədkeçmə zamanı vətəndaşın FİN (Fərdi identifikasiya nömrəsi) məlumatları yoxlanılmadığı üçün borclu ad və soyadını dəyişərək ölkədən çıxa bilirdi. 2017-ci ildən sonra artıq sərhədkeçmədə FİN məlumatları yoxlanıldığından bu hallar qismən aradan qaldırılıb. Amma bu istiqamətdə nəzarət tədbirlərinin gücləndirilməsinə ehtiyac var;
5) Məhkəmə mülki məsələlərlə bağlı qərar qəbul edərkən tərəflərin mövcud durumları araşdırılmalı və icrası mümkün olan qərarlar verilməlidir. Təcrübə göstərir ki, bəzi məhkəmə qərarları qəbul edilərkən tərəflərin vəziyyəti nəzərə alınmır. Bu da sonradan məhkəmə qərarlarının icrasında problem yaradır;
6) İcra məmurlarının üzərinə düşən faktiki iş yükü bir nəfərin icra edə biləcəyi normal iş yükünə uyğunlaşdırılmalıdır. Belə ki, hazırda isə bir icra məmurunun faktiki iş yükü rəsmi iş yükündən 2 dəfəyədək çoxdur. Rəsmi məlumata görə, bir icra məmurunun icraatında təxminən 1500 iş var. Əksər icra məmurları qeyd edirlər ki, icraatlarında təxminən 3000 iş var. Bu isə o deməkdir ki, həddindən artıq yüklü olan icra məmuru normadan artıq iş yükünü keyfiyyətli icra edə bilməz;
7) Məhkəmə qərarlarınının icraçılarının maddi təminatı yaxşılaşdırılması üçün addımlar atılmalıdır. Məhkəmə icraçılarının faktiki iş yükü ilə aldığı əmək haqqı arasında uyğunsuzluq var. Məhkəmə icraçılarının əmək haqqı artırılmalıdır ki, bu sahədə rüşvət və korrupsiya riski azalsın;
8) Məhkəmə qərarını icra etməkdən bilərəkdən boyun qaçıran şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilməlidir. Bir çox hallarda borclu şəxslər bilərəkdən məhkəmə qərarını icra etmir, yaxud elə vəziyyət yaradır ki, imkansız vəziyyətdə görünür. Belə şəxslərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var;
9) İş yeri, maddi imkanı olmayan borclu şəxsə qarşı məsuliyyət tədbirlərinin tətbiqi zamanı borcun ödənilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Vətəndaşı işlə təmin etmək dövlətin pozitiv öhdəlikləri sırasındadır. Şəxsə qarşı bu məsuliyyət tədbirləri o halda tətbiq olunmalıdır ki, həmin şəxs qərarı bilərəkdən icra etmir. Əgər şəxsin maddi imkanı yoxdursa, onun həbsi heç nəyi dəyişməyəcək;
10) Məhkəmə qərarlarının icrası üçün alimentin təyini mərhələsində məhkəmənin bir qiymətləndirmə həyata keçirməsi müsbət olardı. İstər sabit, istərsə də gəlirin müəyyən hissəsindən aliment tutulması ilə bağlı məhkəmə qərarı verilərkən aliment verəcək şəxsin əmlak vəziyyəti və ödəmə qabiliyyəti qiymətləndirməlidir. Uşaqla ünsiyyətlə bağlı mübahisə yarandığı zaman məhkəmə əlavə araşdırma təyin etdiyi kimi, aliment verəcək şəxsin əmlak vəziyyətini də qiymətləndirə bilər. Bu qanunla məhkəmənin üzərinə vəzifə kimi qoyularsa, aliment ödənilməsi ilə bağlı qərarların icrasını asanlaşdırar;
11) Aliment ödəməyən şəxsin əmlak vəziyyəti, işsizliyi varsa, yaxud özü qəsdən belə vəziyyət yaradırsa, bu halda da aliment ödənilməsinin babaya və nənəyə yönləndirilməsinə baxılmalıdır. Ailə Məcəlləsinin 89-cu maddəsinə görə, baba və nənənin nəvələrini saxlamaq öhdəliyi var. Yardıma ehtiyacı olan və yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
12) Alimentlə bağlı məhkəmə qərarının icrasında alimentin naturada ödənilməsi və ya əvəzlənməsi məsələsi də nəzərdən keçirilə bilər. Aliment təyin olunarkən məhkəmələr şərtli razılaşmaları nəzərə alır. Hazırda kənd təsərrüfatı sahəsində məşğul olan, yaxud hansısa formada digər sahələrdə məşğul olan şəxslər var və alimenti naturada ödənilməsi reallaşarsa, aliment borcunun artmaması müşahidə oluna bilər;
13) Aliment təyin olunarkən məhkəmə nəzərə almalıdır ki, hansı valideynin maddi imkanı yaxşıdırsa, uşaqlar həmin valideynin yanında qalsın. Bu tətbiq olunarsa, valideynlər də nikahın pozulması və aliment ödənilməsi məsələsində çiddi düşünməyə vadar edəcək. Belə ki, bəzən olur ki, ananın uşağa münasibəti, əmlak vəziyyəti və digər hallar nəzərə alınaraq məhkəmələr “uşaq anada qalmalıdır” praktikasından əl çəkməlidir;
14) Avropa ölkələrində tətbiq olunan Aliment Fondunun yaradılması Azərbaycanda da müsbət nəticə verərdi. Həmin fonda vəsait cəlb edilməsi həm dövlət büdcəsi, həm də digər mənbələr hesabına edilə bilər. Valideynlərin aliment ödəmək imkanı yoxdursa, məhkəmə qərarlarının icra edilməsindən qəsdən yayınma halları mövcud deyilsə, aliment Aliment Fondunun vəsaiti hesabına ödənilə bilər. Dövlət sonradan fonddan ödənilən vəsaitin borcludan geri alınması üçün addımlar ata bilər;
15) Aliment Fondunun yaradılması üçün ilkin olaraq müvafiq qanunvericilikdə hüquqi əsas yaradılmalıdır. Ailə Məcəlləsinə bununla bağlı hansısa dəyişiklik edilə bilər. Qanunvericilikdə Aliment Fondunun yaradılması üçün ilkin baza formalaşdırılarsa, Fondun yaradılması da reallaşdırıla bilər;
16) Aliment tələbi ilə bağlı məhkəmə qərarlarının icrasında beynəlxalq təcrübə öyrənilib Azərbaycanda tətbiq imkanları araşdırılaraq müsbət tərəflərindən istifadə edilməlidir. Azərbaycan bununla bağlı beynəlxalq təcrübəni öyrənir. Almaniya, Fransa, Macarıstan təcrübəsində tətbiq olunan Aliment Fondunun yaradılması ilə bağlı məsələ Ombudsmanın illik hesabat məruzələrində də əksini tapıb. Bu layihə çərçivəsində İsveç, Türkiyə və İsrail təcrübəsi öyrənilərək mediada işıqlandırılıb;
17) Uşaqların sağlam böyünməsi üçün aliment ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası üçün dövlətin müdaxilə mexanizmləri təkmilləşdirilməlidir. Aliment bir çox hallarda azyaşlı uşaqlarını tənha böyüdən anaların yeganə gəliri olduğu üçün aliment ödənilmədiyi halda uşaqların sağlam qidalanması, böyüməsi, təhsili çətinləşir. Belə olan halda dövlətin sosial müdafiə sistemi işə düşməli və uşaqların fundamental hüquqlarının qorunması təmin edilməlidir.
Qeyd: Bu təkliflər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi tərəfindən hazırlanıb.
Sənəddə əks olunan fikirlər heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir.