819 aztəminatlı şəxsə hüquqi konsultasiya xidməti göstərilib

Region sakinlərinin hüquqi müdafiəsini nəzərdə tutan daha bir fəaliyyət yekunlaşıb. Bu barədə məlumat verən təşkilatın sədri Xalid Kazımov bildirib ki, həyata keçirilən fəaliyyətin əsas məqsədi region sakinlərinin hüquqlarını müdafiə etmək olub: “Regional İnsan Hüquqları və Media Mərkəzinin 2019-cu ilin martından başladığı aztəminatlı region sakinlərinə hüquqi yardım göstərilməsi fəaliyyəti sonrakı müddətdə müxtəlif donorlarla əməkdaşlıqla davam etdirilib. Layihə olmadığı müddətdə isə bu fəaliyyəti işçi heyət könüllü olaraq icra edib. Sözügedən fəaliyyət Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində dəstəklənib. Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün müvafiq addımlar atılıb.  Hüquqi yardıma ehtiyacı olanlar həm regionlarda keçirilən görüşlər, həm də “qaynar xətt” (0702902299) xidməti,  e-mail  (huqugiyardim@gmail.com), “Facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz), “WhatsApp” hesabı vasitəsi ilə müraciət edə biliblər. Hər hansı bir əlaqə vasitəsi ilə müraciət edən şəxslərə  hüquqi məsləhət verilib, ərizə, şikayət və müraciətləri hazırlanıb. Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilib. Hazırlanan sənədlər  birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda  yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara  çatdırılıb. 2022-ci ilin oktyabrından 2024-cü ilin aprelinədək 819 nəfərə hüquq xidməti göstərilib. Onlardan 738 nəfərinə regionlarda keçirilən səyyar görüşlərdə və onlayn vasitələrlə hüquqi konsultasiya xidməti göstərilib. Bundan başqa 81 nəfərin məhkəmədə müdafiəsi üçün iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti yazılıb. Hüquqi konsultasiya xidməti alanlar ölkənin 69 rayonunu təmsil edib. Müraciətlər daha çox aliment təyini, alimentin artırılması, nikah pozulduqdan sonra əmlak bölgüsü, “Müharibə veteranı adı” və vəsiqəsinin verilməsi, sosial müavinət və pensiya təyin edilməsi, vərəsəlik, mülkiyyət, təhsil və səhiyyə hüququ ilə bağlı olub”.

Qeyd edək ki, region sakinlərinə hüquqi konsultasiya xidməti göstərilməsi qarşıdakı müddətdə də könüllü olaraq davam etdiriləcək.