ATƏT-in Baki Ofisi müxalifətçilərin məhkum edilməsi ilə bağli bəyanat verib

ATƏT-in Bakı ofisi AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilovun məhkum edilməsindən narahatlığını ifadə edib.  ATƏT-in Bakı ofisinin yaydığı bəyanatda deyilir ki, Bakı ofisi bu məhkəmə işini müşahidə edib və nəticədə prosesin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb. Qurum işə apellyasiya instansiyasında hərtərəfli baxılacağına ümid etdiyini vurğulayıb.  Bəyanatda ATƏT-in Bakı ofisi ölkədə məhkəmə islahatları və toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqların tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, adıçəkilən şəxslər müxalif İctimai Palatanın 2 aprel mitinqinə görə tutulublar. Avqustun 25-də Səbail Rayon Məhkəməsinin çıxardığı qərarla Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənov 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.